CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəsarət alan turistlərin viza müddəti nə vaxt başa çatır?

Turistlərin sağlamlığı onların ölkəmizdən getməsinə imkan verməzsə, müraciət etdikləri halda səhhətlərinin durumu nəzərə alınaraq viza müddətləri 3 ay müddətinə uzadıla bilər.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Şəkidə Xan Sarayında  Xan çinarının budaqlarının qırılması nəticəsində xəsarət alan turistlərin Azərbaycanda qalma müddəti avqustun 4-də bitir. Bu barədə Sputnik Azərbaycan-a “City Hospital”ın direktoru Bayram Qorçiyev məlumat verib. O, bildirib ki, turistlər xəstəxanada bir həftə qaldıqdan və səhhətləri yaxşılıqdan sonra qaldıqları otelə yerləşdiriləcəklər: ”Suriya vətəndaşları 1998-ci il təvəllüdlü Sara Al Hasan və anası Samirə Al Hasan əməliyyat olunublar. Hazırda da vəziyyətləri normaldır. Onlar beş-altı günə qaldıqları otelə buraxılacaqlar. Onların Azərbaycanda qalmaq üçün viza müddəti avqustun 4-də bitir”.

Dövlət Miqrasiya Xidmətindən isə Sputnik Azərbaycan-bildirilib ki, turistlərin sağlamlığı onların ölkəmizdən getməsinə imkan verməzsə, müraciət etdikləri halda səhhətlərinin durumu nəzərə alınaraq viza müddətləri 3 ay müddətinə uzadıla bilər.