CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağlar su problemi yaşayır, rəsmilər isə deyirlər ki…

"Vətəndaşlar hər gün sudan istifadə etmək istəyirlər. Bu isə mümkün deyil"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Bakıətrafı kənd və qəsəbələrdə suvarma və içməli su problemi yaşanır. Bu barədə Sputnik Azərbaycan-a Ləhiş bağları və Nardaran qəsəbəsində bağ massivlərində yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin dediyinə görə, bağ massivlərində yaşayan bir çox vətəndaş suyu pulla alır. Üstəlik, 7 tonu 25 manata satılan içməli su xlorlu olduğu üçün ondan suvarma məqsədilə istifadə etmək olmur.

Yenə o bağ olaydı, makler dil-dil ötəydi, evi ucuz verəydi...

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün "Azərsu" ASC-yə müraciət edib.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı açıqlamasında bildirib ki, həqiqətən də Ləhiş bağlarının, Nardaran qəsəbəsinin və Albalılıq qəsəbəsinin bir hissəsində su şəbəkəsi yoxdur. Ancaq digər qəsəbələrin ərazisində su var: "Mərdəkan, Şüvəlan, Kürdəxanı, Pirşağı, Görədil, Novxanı və s. ərazilərə normal su verilir. Şəbəkə olmayan ərazilər üçün də planlarımız var. Gələcəkdə planlayırıq ki, Ceyranbatandan Zirə istiqamətində 21 magistral su kəməri çəkək. Hazırda iki magistral su kəməri var. Biri 70-ci illərin sonunda, digəri isə 2013-cü ildə istifadəyə verilib".

A.Cəbrayıllı qeyd edib ki, Bakıətrafı qəsəbələrin normal su təchizatı üçün 3-cü su kəmərinin tikilməsinə ehtiyac var. Bu kəmərin tikilməsi, eyni zamanda paralel olaraq şəbəkələrin genişlənməsi hesabına gələcəkdə bağ massivlərində, Bakıətrafı kənd və qəsəbələrdə mərkəzləşdirilmiş qaydada su almayan əhali içməli su ilə təmin ediləcək.

Ərazilərdə suvarma sularının çatışmazlığı məsələsinə gəldikdə isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Əşrəfov bildirib ki, hazırda bağlar ərazisində suvarma sahəsində su problemi yoxdur: "Söhbət Ləhiş bağları,Türkan, Nardarandan gedirsə - oraya su hər gün verilir. Bağlar ərazisində yaşayan şəxslər bilirlər ki, həftənin birinci günü profilaktik tədbirlər günüdür. 

İqlim dəyişikliyi Azərbaycanı da "vurdu": insanlar üzərində də stres amili güclənib
Həmin gün nasosların təmiri ilə bağlı olaraq su verilişi dayandırılır. Su növbəli şəkildə ikinci gün sol sahilə, üçüncü gün sağ sahilə verilir. Amma vətəndaşlar hər gün sudan istifadə etmək istəyirlər. Bu isə mümkün deyil. Çünki bu, enerji sərfiyyatıdır. Su növbəli şəkildə verilməlidir ki, hamıya çatsın".

Dilqəm Əşrəfovun sözlərinə görə, əvvəl 2000 abonent vardısa, indi 2100 abonent var. Və bu da su çatışmazlığına səbəb olur.

"Bir çox vətəndaşlar su gəlməyən yerlərdə məskunlaşır və arzulayırlar ki, o yerlərə də su gedib çatsın. Bu isə hələ ki, mümkün deyil. Vətəndaşlar lazımi qədər su götürməli, suyu boş yerə axıtmamalıdırlar. Bəzən su istifadəçiləri çənlərini doldurur, qalanını həyətlərinə axıdırlar. Bu zaman da nasoslar işləyir. Vətəndaşlar bir-birini nəzərə almalıdırlar", - deyə D. Əşrəfov əlavə edib.