HADİSƏ

Anime dəhşəti: Yanğında ölənlərin sayı 25 nəfərə çatdı

Hüquq mühafizə orqanları və yanğınsöndürənlər onlarla insanın harada olduğunu müəyyənləşdirə bilməyiblər
Sputnik

BAKI, 18 iyul — Sputnik. Yaponiyanın Kioto şəhərində yerləşən anime (yapon animasiyası) studiyasında baş vermiş yanğın nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Ən azı 36 nəfərin xəsarət aldığı bildirilir. Bundan başqa hüquq mühafizə orqanları və yanğınsöndürənlər onlarla insanın harada olduğunu müəyyənləşdirə bilməyiblər.

Studiyanı yandırdılar: Alov 10 nəfərin həyatına son qoydu

Qeyd edək ki, yanğın bu səhər yerli vaxtla 10:35-də başlayıb.

Yanğının qəsdən törədildiyi bildirilir. "Kyodo" agentliliyin məlumatına görə, səhər saatlarında "Kyoto Animation Co." studiyasının binasına daxil olmuş orta yaşlı şəxs ətrafa tez alışan maye töküb və ona od vurub.

Hadisəni törətmiş şəxsin adı açıqlanmır. Onun yanğını nə səbəbdən törətdiyi bilinmir.

Polis, həmçinin hadisə yerində bıçaqlar tapıb.

"NHK" telekanalı isə xəbər verib ki, şahidlər yanğından əvvəl partlayış səsi eşidiblər.