NATO-da ABŞ nüvə silahlarının saxlama yerləri ifşa edilib

Hesabat qurumun saytından silinsə də, Belçikanın "De Morgen" qəzeti onun bir nüsxəsini əldə edərək dərc edib
Sputnik

BAKI, 18 iyul — Sputnik. NATO Parlament Assambleyasının hesabatlarından birində ABŞ nüvə silahlarının saxlama yerləri səhvən ifşa olunub.

Sputnik Azərbaycan "Washington Post" qəzetinə istinadən xəbər verir ki, NATO Parlament Assambleyası Müdafiə və Təhlükəsizlik Komitəsinin kanadalı üzvü Cozef Dey apreldə nüvə silahlarına dair hesabat dərc edib. Sənəddə Amerikaya məxsus 150 ədəd nüvə silahının Avropa ərazisində harada saxlanıldığı açıqlanıb.

Avropa qorxu içərisində: Rusiya "qəfil zərbə" endirə bilər

Hesabat qurumun saytından silinsə də, Belçikanın "De Morgen" qəzeti onun bir nüsxəsini əldə edərək onu dərc edib. Məlumatda qeyd olunur ki, "bombalar altı Amerika və Avropa bazasında saxlanılır." Bunlar Belçikada "Kleine Brogel", Almaniyada "Büchel", İtaliyada "Aviano" və "Ghedi-Torre", Niderlandda "Volkel" və Türkiyədə "İncirlik" bazalarıdır.

Qəzetin məlumatına görə, hesabatın son versiyası keçən həftə yenidən dərc olunub, lakin bu dəfə sənədə nüvə silahlarının saxlanılma yerlərinə dair məlumat daxil edilməyib.

Sənədin ilkin versiyasında informasiya istinadsız verilib. Hesabatın müəllifi Cozef Dey isə informasiyanı açıq mənbələrdən götürdüyünü bildirib.