Fars körfəzində hərarət yüksəlir – Sepah yanacaq daşıyan tankeri saxladı

Tankerin hansı ölkəyə məxsus olduğu açıqlanmır
Sputnik

BAKI, 18 iyul — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tanker saxlayıb. Sputnik Azərbaycan "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, xarici ölkəyə məxsus olduğu bildirilən tanker bazar günü saxlanılıb.

İran rəsmisi nüvə sazişindən danışdı: “Yenidən baxıla bilməz”

"Sepah Fars körfəzində yerləşən Lərk adasından cənubda bir milyon litr həcmində yanacağı qaçaqmalçılıq yolu ilə daşıyan xarici ölkəyə məxsus gəmi saxlayıb", - agentlik deyib.

“İRİB” xəbər verir ki, gəminin göyərtəsində 12 xarici ölkə vətəndaşı olub.     

Tankerin hansı ölkəyə məxsus olduğu, eləcə də gəmiçilərin vətəndaşlığı açıqlanmır.

Qeyd edək ki, Britaniyanın Cəbəlüttariq boğazında İran tankerini saxlamasından və İranın cavab olaraq eyni addımı atacağı vədindən sonra Fars körfəzində vəziyyət gərgin olaraq qalır. London İran tankerinin sanksiyaları pozaraq Suriyaya neft daşıdığını bildirib, Tehran isə bu ittihamları rədd edib və gəminin buraxılmasını tələb edib.