BAKI, 17 iyul — Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) rəsmi Kiyevi RİA Novosti Ukrayna portalının rəhbəri Kirill Vışinskini həbsdən azadlığa buraxmağa çağırıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu təşkilatın KİV-in azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Desir bildirib.
Qeyd edək ki, bu gün Bişkekdə ATƏT-in başçılığı altında Mərkəzi Asiya KİV Konfransı keçirilir. Konfransda region ölkələri və Avropadan mətbuat, vətəndaş cəmiyyəti və hüquq-mühafizə sektorundan olan 100-dən çox nümayəndə iştirak edir.
"Mənim bildiyim qədər, Vışinski işi üzrə məhkəmə bu həftənin sonu, iyulun 19-da baş tutacaq. Fürsətdən istifadə edərək biz növbəti dəfə Ukrayna rəhbərliyini jurnalisti azadlığa buraxmağa çağırırıq", - deyə Desir vurğulayıb.
Onun sözlərinə görə, Vışinski ilə bağlı vəziyyət ATƏT-də böyük narahatlıq doğurur və təşkilatın nümayəndələri dəfələrlə bu məsələ ilə bağlı Ukraynada jurnalist bürosunun rəhbərinə müraciət edib.
"Mən daima Ukrayna rəhbərliyi ilə əlaqədəyəm və Kiril Vışinskinin müdafiəsi barədə danışmaq üçün istənilən imkandan istifadə edirəm. Hökuməti onu azad etməyə çağırıram. Çünki belə olmamalıdır. Jurnalistlər peşə fəaliyyətlərinə görə həbs olunmamalıdırlar. O işləyirdi və öz öhdəliklərini dürüstcəsinə yerinə yetirirdi".
Xatırladaq ki, Kiyevin Podolsk rayon məhkəməsi dövlətə xəyanətdə ittiham olunan Vışinskinin işi üzrə məhkəmə prosesini davam etdirməli idi. Lakin hakimlər digər işlə məşğul olduqları üçün məhkəmə iclası iyulun 19-na keçirilib.
Qeyd edək ki, Kirill Vışinski 15 may 2018-ci il tarixində Kiyevdə saxlanılıb.
Məhkəmə iclaslarının birində Vışinski kömək üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmişdi və bildirmişdi ki, Ukrayna vətəndaşlığından imtina edir. Putin bu vəziyyəti görünməmiş hal kimi qiymətləndirmişdi və bəyan etmişdi ki, Vışinskini birbaşa peşəkar fəaliyyətinə, jurnalistlik funksiyasını yerinə yetirdiyinə görə həbs ediblər. Moskva Kiyevə etiraz notası göndərərək mətbuat nümayəndələrinə qarşı zorakılığı dayandırmağı tələb etmişdi.