CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret olayına görə maşinist məsuliyyət daşıyırmı?

"Vaqonları hər küncünə 4 kamera qoyaraq izləmək düzgün deyil" - Bəxtiyar Məmmədov
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Artıq bir neçə gündür ki, "Bakı Metropoliteni"ndə bir sərnişinin vaqonda siqaret çəkməsi ilə bağlı yayılan video rezonansa səbəb olub. Bu məsələdə siqaret çəkənlə yanaşı, videonu çəkəni, eyni zamanda da "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətini də qınayan oldu.

Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir

Nəticədə isə belə bir sual ortaya çıxdı ki, bəs bu görüntülər necə ola bilər ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin maşinistlərinin diqqətindən qaçsın? Elə Sputnik Azərbaycan-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da bu sualı cavablandırıb. O bildirib ki, yalnız yeni qatarlarda maşinistlərin vaqonları izləmək imkanları var: "Yalnız təzə qatarlarda maşinistlər kameralar vasitəsilə vaqonları izləmək imkanına sahibdirlər. Təəssüflər olsun ki, köhnə qatarlarda vaqonlardakı vəziyyəti maşinist izləyə bilmir. Bu cür kadrları yalnız metropolitenin video-müşahidə mərkəzi izləyə bilir".

"Lakin həmin mərkəzlərdən də vaqonları hər küncünə 4 kamera qoyaraq izləmək düzgün deyil. Çünki metroda 59 qatar var, onların da hər birinin 5 vaqonu var. Bundan başqa, hər stansiyada da kifayət qədər kamera var. Bu qədər kameraları izləməyə isə böyük otağın monitoru kifayət etməz", - deyə mətbuat katibi əlavə edib.

B.Məmmədov bildirib ki, hətta bu hadisə yeni qatarda baş vermiş olsaydı və həmin kadrlar onun diqqətindən yayınsaydı belə, maşinist hansısa məsuliyyət daşımayacaqdı. Çünki bu məsələ maşinistin vəzifə səlahiyyətlərinə aid deyil:"Maşinistin vəzifəsi qatarı idarə etmək, hərəkəti tənzimləyən avadanlıqlara, qurğulara nəzarət  edərək, müvafiq komandalara riayət etməklə təhlükəsiz şəraitdə sərnişindaşımanı həyata keçirməkdir. Lakin bu hadisədə sərnişinin də məsuliyyəti yaranmışdı. Sərnişin unutmamalıdır ki, o metronun pilləkəninə ayaq basandan sonra məsuliyyəti yaranır. Həm də unutmamalıdır ki, qatarlar bir metropolitençidən daha çox sərnişinin özünün nəqliyyat vasitəsidir".