BAKI, 17 iyul — Sputnik. "Gürcüstan və Rusiya arasında turizm əməkdaşlığı və ticarət əlaqələri əhəmiyyətlidir. Bu səbəbdən də ölkələr arasında münasibətləri normallaşdırmaq lazımdır".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu "Gürcü Arzusu" partiyasının təsisçisi və sədri Bidzina İvanişvili bəyan edib.
"Ölkəmizə turistlərin gəlməsi və (Rusiya ilə - red.) ticarət əlaqələrimizin olması siyasətçilərin buraxdığı səhvləri düzəltmək üçün əhəmiyyətli zəmindir. Ərazi bütövlüyümüzün və qonşularımız ilə normal münasibətlərin bərpasında xalq diplomatiyası və ticarət əhəmiyyətli rol oynayır", - İvanişvili deyib.
Partiya sədri hesab edir ki, Rusiya bazarı Gürcüstan üçün çox əhəmiyyətlidir və onu əvəz etmək asan iş deyil: "Onun (Rusiya bazarının – red.) Gürcüstan malları üçün bağlanmasını istəyən adamlar ölkənin düşmənləridir".