İQTİSADİYYAT

"Libra" qlobal valyutaya çevrilə bilər, bir şərtlə ki...

Sabit qlobal kriptovalyuta bir çox ölkədə qeyri-sabit yerli valyutanı əvəz edə bilər
Sputnik

BAKI, 17 iyul — Sputnik. Bir müddət əvvəl xəbər verdiyimiz kimi, "Facebook" şirkəti özünün "Libra" adlı kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır. Məlumata əsasən, "Libra" mal və ya xidmətlər üçün ödənişlərdə, eləcə də pul köçürmələrində istifadə oluna biləcək. Yeni kriptovalyuta "steyblkoin" (stablecoin), yəni həqiqi milli valyutalara və ya əmtəələrə sabitlənmiş kriptovalyuta kimi fəaliyyət göstərəcək.

Bitkoin: gələcəyin valyutası, yoxsa böyük tələ?

2020-ci ilin birinci yarısında dövriyyəyə buraxılacaq yeni kriptovalyutaya nəzarət edən idarəetmə orqanının olacağı bildirilib. Yəni "Facebook" özü birbaşa "Libra"ya nəzarət etməyəcək; bunu İsveçrədə yerləşən "Libra Assosiasiyası" (Libra Association) adlı qeyri-kommersiya təşkilatı edəcək. Bu assosiasiyanın 28 üzvü var. Onların sırasında "PayPal", "Visa", "Uber", "Coinbase", "Andreessen Horowitz" və "Mercy Corps" şirkətlərinin adı çəkilir.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp kriptovalyutaların tərəfdarı olmadığını deyib. Birləşmiş Ştatlar lideri özünün "Twitter" səhifəsində "Facebook" və kriptovayutaların dövriyyəyə buraxılması ilə məşğul olan digər şirkətlərə bank lisenziyası almağı və bank qaydalarına uyğun fəaliyyət göstərməyi məsləhət görüb.

"Mən "bitcoin" və digər kriptovalyutaların tərəfdarı deyiləm; onlar pul deyil və onların dəyəri dəyişkəndir, havadan asılı vəziyyətdədir... Əgər "Facebook" və digər şirkətlər bank olmaq istəyirlərsə, onlar digər banklar kimi yeni bank lisenziyası almalı və ümumi bank qanunvericiliyinin obyektinə çevrilməlidir", - Tramp tvitində yazıb.

ABŞ prezidentinin fikrincə, nəzarət olunmayan kriptovalyutalar qeyri-qanuni əməliyyatlar, o cümlədən narkotik vasitələrin ticarəti üçün münbit şərait yaradır.

"Libra" haqqında xəbərlər yayılandan sonra onun dünya kriptovalyutasına çevrilə biləcəyinə dair mülahizələr yürüdülür. Sputnik Azərbaycan xəbər verir ki, Çinin İctimai Elmlər Akademiyasının Dünya Maliyyə Mərkəzinin rəhbəri Lyu Dunmin RİA Novosti-yə müsahibəsində belə bir ehtimalı şərh edib.

Onun fikrincə, mərkəzi banklar tərəfindən ölkələrin maliyyə təhlükəsizliyini təmin etmək üçün tətbiq edilən tənzimləyici tədbirlərə riayət edildiyi halda "Libra" dünya kriptovalyutasına çevrilə bilər.

Azərbaycanın valyuta ehtiyatları 6,2% artıb

Çinli ekspertin fikrincə, dünyanın bütün mərkəzi bankları "Libra" ilə bağlı tənzimləyici və nəzarət vasitələri hazırlamalıdır. "Facebook" isə öz kriptovalyutasını dünya üzrə yaymağa çalışsa o, müxtəlif ölkələrin mərkəzi banklarının tətbiq etdiyi tənzimləmə şərtlərini qəbul etməli olacaq.

Onun sözlərinə görə, "sabit qlobal valyuta bir çox ölkədə qeyri-sabit yerli valyutanı əvəz edə bilər və həmin ölkələrin vətəndaşları yerli valyutanı daha sabit olan qlobal valyutaya dəyişəcəklər."

Çinli ekspertin fikrincə, qlobal kriptovalyutanı tənzimləyən sistemin yaradılması, həmçinin ona görə zəruridir ki, bu cür kriptovalyuta terrorizmin maliyyələşdirilməsində istifadə oluna bilər.

Lakin qlobal kriptovalyuta yaratmağın mümkün olub-olmadığı sualına cavab verərkən Lyu Dunmin qeyd edib ki, hazırda bu barədə dəqiq proqnoz vermək çətindir.