CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meyvə-tərəvəzimiz niyə bahalaşır - SƏBƏBLƏR

"Məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır" - alim
Sputnik

BAKI, 16 iyul — Sputnik. "Mövsüm dövrü olmasına rəğmən, bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti yüksək olaraq qalmaqdadır. İstehlak bazarının monitorinqi göstərir ki, daxili bazara çıxarılan yerli kənd təsərrüfatı məhsullarının həcmi mövsüm dövründə gözləniləndən az oldu". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov özünün "Facebook" profilində status paylaşıb.

Ət ucuzlaşdı, süd məhsulları bahalaşdı - YERLİ BAZARDA

Yaz aylarındakı iqlim şəraiti ilə əlaqədar olaraq məhsul istehsalının proqnozlaşdırılandan daha az olduğunu bildirən alim digər nüanslara da toxunub: "Baryerlərə baxmayaraq, Rusiya bazarı hələ də cəlbedicidir. Bununla belə, monitorinqlər göstərir ki, bir sıra kənd təsərrüfatı məhsulları üzrə paytaxt bazarı ilə rayonlardakı qiymət arasında bəzən 2 dəfəyə yaxın fərq var. Bakıda məhsulları daha baha təklif edirlər".

"Qiymətlərin optimallaşdırılması üçün nələrə ehtiyac var?" sualına cavab olaraq isə alim bunları deyib: "Öncə məhsul istehsalının ixrac imkanları və daxili bazarın tələbi nəzərə alınmaqla regional paylaşdırılmasına nail olmaq lazımdır. Bəzən il ərzində bir sıra kənd təsərrüfatı məhsullarından daha çox, digərlərindən isə az istehsal olunur. Bu da qiymətlərə birbaşa təsir göstərir. Yeni təsdiq edilmiş subsidiya mexanizmi bu optimallaşmanın həyata keçirilməsinə şərait yaradır".

"İkincisi, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları paytaxtda daha çox fermer bazarlarının yaradılmasına nail olmalıdır. Bu, fermerlərin öz məhsullarını birbaşa təklif etməsinə imkan yarada bilər. “Kənddən şəhərə” layihəsinin genişləndirilməsi daha məqsədəuyğundur. Üçüncüsü, paytaxt bazarlarına fermerlərin daxil olmasındakı bütün baryerlər aradan qaldırılmalıdır ki, rəqabətə nail olmaq mümkün olsun. Nəhayət, tələbin ödənilməsində çətinlik olan hallarda idxalın mövsümi təşviqi həyata keçirilməlidir", - deyə alim əlavə edib.