İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Paytaxtda və Bakı kəndlərində məişət tullantılarının qalaqlanması, zibilin xüsusi konteynerlərdən kənara atılması gündəlik mənzərənin bir parçasına çevrilib. Belə halların qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən tədbirlər görür, cərimələr tətbiq edilir.
Amma görünən odur ki, tətbiq edilən cərimələr bir nəticə vermir.
Bu günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı paytaxtda bir neçə belə halla qarşılaşıb.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, tullantıların düzgün idarə olunmaması, haraya gəldi atılması hazırda günün ən aktual məsələlərindən biridir və belə hallar insanların daha çox istirahət üçün üz tutduqları təbiətdə, istirahət yerlərində müşahidə edilir.
O qeyd edib ki, təbiətdə istirahət edənlər, istirahət mərkəzlərində dincələnlər və istirahət-iaşə obyektlərini idarə edənlər tullantılar üçün xüsusi ayrılan sahələrin olmasına diqqət etmir, tullantıları haraya gəldi atırlar.
"Təbiəti özümüz çirkləndiririk. Yəni məsələnin mərkəzində hamımız dayanırıq və bu problemi birlikdə həll etməliyik. Tərəfimizdən tez-tez reydlər keçirilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur. Yalnız cərimə ilə də iş bitmir", - deyə İbrahimova əlavə edib.
İ.İbrahimova qeyd edib ki, təmizlənən əraziyə müəyyən vaxtdan sonra yenə də tullantılar atılır: "Düzdür, bu, tullantıların idarə edilməsinə cavabdeh olan yerli bələdiyyələrin, icra nümayəndəliyinin səhlənkarlığı danılmazdır, amma zibili atan da özümüzük axı... Evimizin içindəki zibili çıxarıb, evimizin kandarına atırıq, nəfəs aldığımız havanı, üstündə gəzdiyimiz torpağı çirkləndiririk".
"Görəsən, niyə biz özümüz özümüzə bu qədər biganəyik, niyə təbiətimizə laqeydik? Heç olmasa, ölkəmizə gələn qonaqlara, turistlərə görə bunu etməyək. Bir sözlə, hamılıqla təbiətə qayğı ilə yanaşaq ki, o bizdən üz döndərməsin. Hər kəsin işi ekologiyaya, təbiətə zərər vurmaq yox, təbiəti qorumaq olmalıdır. Heç bir halda təbiətə, ətraf mühitə neqativ təsir olunmamalıdır", - İ.İbrahimova deyib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə verilməlidir.
Maddəyə görə, tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilirlər.
Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilirlər.
Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilirlər.