İQTİSADİYYAT

"Aİ Rusiya qazının qarşısını ala bilməyəcək"

Ronald Pofallanın sözlərinə görə, yaxın gələcəkdə Avropanın təbii qaza olan ehtiyacı artacaq
Sputnik

 

BAKI, 16 iyul — Sputnik. Rusiyanın "Şimal axını-2" qaz kəməri Avropa və Almaniya üçün əhəmiyyətlidir və buna görə də Avropa İttifaqı onun inşasının qarşısını ala bilməyəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Almaniyanın kansler idarəsinin keçmiş rəhbəri və "Peterburq Dialoqu" forumunun koordinasiya komitəsinin sədri Ronald Pofalla "Deutschlandfunk" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Avropanın təbii qaza olan ehtiyacı artacaq və bu baxımdan "Şimal axını-2" kəməri qaz tədarükü üçün ekoloji təmiz və sərfəli vasitədir.

"Azərbaycan Avropa üçün etibarlı qaz tədarükçüsüdür" – səfir

"Şimal axını-2" vacibdir, çünki əgər 2038-ci ilədək kömürdən imtina etsək, bizə digər enerji daşıyıcıları lazım olacaq... Yaxın gələcəkdə bizə əlavə qaz həcmləri lazım olacaq və "Şimal axını-2" kəməri qazı Almaniya əhalisinə ekoloji və iqtisadi baxımdan münasib yolla çatdırmağa imkan verir", – Pofalla deyib.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyayadək iki qaz xəttinin tikintisini nəzərdə tutur. Bu qaz xətlərinin ümumi ötürücülüyü ildə 55 milyard kub metr olacaq. Borunun tikintisinin bu il başa çatması planlaşdırılır.