CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç bu Nardaran da o Nardaran deyil - Eyniadlı üçüncü kənddən REPORTAJ

Siyəzəndəki Nardaran, Laçından gələn heyvandar və təhsil dalınca rayon mərkəzinə piyada gedən uşaqlar.
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Nardaran kəndi. Yəqin ki, ilk ağlınıza gələn Bakının məşhur kəndidir. Bəs bu adda kəndlərin Azərbaycanın Qobustan və Siyəzən rayonlarında da olduğunu bilirdiz?! Sputnik Azərbaycan artıq Qobustan rayonun Nardaran kəndi haqqında oxuculara məlumat verib.

Heç bu Nardaran da o Nardaran deyil - Eyniadlı üçüncü kənddən REPORTAJ
Bu dəfə isə yolumuzu Siyəzəndən salıb, buradakı nardaranlılarla bağlı oxucularımızı məlumatlandırmaq istədik. Qeyd edək ki, Nardaran kəndi əvvəllər Şıx Aladınlı kəndinin qışlaq yeri olub.

Bu yaşayış məntəqəsinin adı fars dilin­dəki nar (erkək dəvə) və daran (yer) sözlərindən əmələ gəlib və "dəvə saxlanılan yer" mənasını verir.

Deyilənə görə, əvvəl Nardaran sakinləri dəvə saxlamaqla da məşğul olub.

Heç bu Nardaran da o Nardaran deyil - Eyniadlı üçüncü kənddən REPORTAJ
Bəzi versiyalara görə, Nardaran nar yetişdirilən yer, bəzilərinə görə isə, odlar yurdu kimi təqdim edilir. 

Nardaran həm ərazisinə, həm əhalisinin sayına görə, kiçik kənddir.

Kənddə cəmi 10 ev var ki, bunların da cəmi 8–də yaşayış mövcuddur. Kənd sakinlərinin sözlərinə görə, burada daha çox heyvandarlıqla məşğul olan insanlar yaşayır. Kəndin cəmi 48-50 sakini var.

Biçin sahəsində buğda zəmisində dayanıb buğda yığan kişi diqqətimizi çəkir. Adı Süleymandır, 53 yaşı var. Dünyanın qəm-kədəri üzündəki qırışlarda gizlənib. Gülüşündə belə kədər var. 350 manata çalışır. Burada fermerlərdən birinin heyvanlarına baxır. Deyir ki, həyat çətindir.Kəndin sakinləri isə deyir ki, Nardaranda yaşamaq o qədər də çətin deyil. Çətin olan kənddə suyun, məktəbin, xəstəxananın olmamasıdır. Bəlkə də elə buna görə kənddə çox az adam yaşayır. Kəndin uşaqları Siyəzənə məktəbə gedirlər.

Sakinlərin sözlərinə görə, kimin avtomobili varsa, övladını məktəbə aparır. Maşını olmayan ailələrin uşaqları isə kənddən Siyəzənə piyada gedirlər.

Arıçılıqla məşğul olan Xanoğlan Vəliyev 20 ildir Nardanda yaşayır. Əslən Laçın rayonundan olan X.Vəliyev qardaşı ilə birlikdə heyvandarlıqla məşğul olur.

Heç bu Nardaran da o Nardaran deyil - Eyniadlı üçüncü kənddən REPORTAJ
Arıçılıqla isə yeni məşğul olmağa başlayıb. Deyir ki, arıçılıq məsuliyyət sevən işdir. Əgər bu işə məsuliyyətli yanaşmasan, tez bir zamanda məhsulun məhv olar: "Biz arıçılıq təsərrüfatına daha yeni başlamışıq. Yeşiklərimizi avqust ayında açaçağıq. Bizim arılar burada balı dağ çiçəklərindən çəkir. Ona görə də ba çox dadlı olur".X. Vəliyevin sözlərinə görə, dövlət ona subsidiya olaraq hər yeşik üçün 10 manat verib.
Heç bu Nardaran da o Nardaran deyil - Eyniadlı üçüncü kənddən REPORTAJ
Vəliyev bizi kəklikotu ilə dəmlənmiş çay və bala dəvət edir. Düzünü deysək, ömrümüzdə bu qədər dadlı bal yeməmişdik.

Arıçı bizə təmiz balın xüsusiyyətindən də danışır.

Heç bu Nardaran da o Nardaran deyil - Eyniadlı üçüncü kənddən REPORTAJ
"Əgər xarlanmış balı ağıza alanda əriyirsə, bu, təmiz baldır. Yox əgər ağızda şəkər effekti verirsə, o elə şəkərdən hazırlanıb" - deyir.

Beləcə Siyəzən yolundan 3 kilometr uzaqlıqda yerləşən Nardaran kəndinin sakinləri ilə sağollaşıb ayrılırıq. Yolumuz isə Şabranadır - Çıraqqalaya...