HADİSƏ

Keşikçidağda növbəti gərginlik, sərhəddə insident yaşanıb

“İnsident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib”
Sputnik

BAKI, 15 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keşikçidağda baş verən hadisə haqqında məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda deyilir:

"14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib".

Qeyd edək ki, Azərbaycan və Gürcüstan sərhədində, Keşikçidağ ərazisində yerli sakinlər və Azərbaycan sərhədçiləri arasında konflikt baş verib.