BAKI, 15 iyul — Sputnik. Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.
Sputnik Azərbaycan reporta istinadən xəbər verir ki, o, bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri fond öz nəzarətinə götürüb. Bir müddət öncə Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırlaşıb. Üç xəstəxana dəyişən Y.Rzazadə həkimlərin ciddi nəzarətində olub. Sənətkarın mədəsində bir neçə yara aşkarlanıb.
Xatırladaq ki, 73 yaşlı Xalq artisti "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə yaddaqalan mahnılar ifa edib.