BAKI, 15 iyul — Sputnik. "Google", "Facebook", "Apple" və "Amazon" şirkətlərinin rəsmiləri Federal Ticarət Komissiyası və ədliyyə nazirliyinin apardığı antimonopoliya təhqiqatı çərçivəsində Konqresin qarşısına çıxacaqlar. Konqresmenlərin fikrincə, Silikon Vadisinin bu dörd nəhəngi o qədər güclənib ki, onlar artıq bazarı əllərinə keçiriblər və bununla bağlı nə isə etmək lazımdır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu həftə Nümayəndələr Palatasının Məhkəmə Komitəsində məsələ ilə bağlı dinləmələr başlayacaq.
Bazarı ələ keçiriblər
Sözügedən antimonopoliya təhqiqatı çərçivəsində Federal Ticarət Komissiyası və ədliyyə nazirliyi İKT nəhənglərinin hazırkı hakim vəziyyətlərindən sui-istifadə edib-etmədiyini araşdıracaq.
Məmurlar belə bir qənaətə gəliblər ki, bu şirkətlər bazar azadlığına təhdid törətməklə yanaşı, istehlakçılara əsassız yüksək qiymətlər sırıyır və "pulsuz" xidmətlər və proqramlar vasitəsi ilə istifadəçilərin şəxsi məlumatlarını toplayır.
Məsələ ilə bağlı müzakirələr iyulun 16-sı başlayacaq. Dinləmələr zamanı "böyük dördlük" onların dominantlığının bazara ziyan vurmadığını, əksinə innovasiyalara uyğun olduğunu iddia edəcəklər.
Milyardlar dəyərində cərimələr
Lakin İKT nəhənglərinin gətirəcəyi əsaslar çətin ki, kimisə inandırsın. Son illər ərzində bu şirkətlərin adı bir neçə antimonopoliya işində çəkilib və onlara külli miqdarda cərimələr kəsilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da bir neçə dəfə Silikon Vadisinin nəhənglərinə qarşı təhqiqat aparmağı təklif edib. Onu ən çox sosial platformalar - "Google", "Facebook" və "Twitter" narahat edir. Trampın fikrincə, adıçəkilən bu üç nəhəng amerikalı mühafizəkarlara qarşı "elan edilməmiş müharibə" apararaq onları senzuraya məruz qoyur.
Həll yolu – parçalamaq
Hazırkı vəziyyətdə konqresmenlər hətta ən radikal addımı atmağa hazırdırlar.
Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Elizabet Uorren bir müddət öncə deyib ki, Silikon Vadisinin əsas oyunçuları "rəqabətin üstündən buldozerlə keçərək, innovasiyaları boğublar və digərlərinə zərər vuran qaydalar yeridiblər". Buna görə də, bu şirkətlərlə kobud rəftar edərək onları parçalamaq lazımdır.
Uorrenin planına əsasən, illik mədaxili 25 milyard dolları keçən şirkətlərin potensial rəqiblərini satın almasına qadağa qoyulmalı, onların dominant vəziyyətdən sui-istifadə edərək digər biznes sektorlarına keçidinin qarşısı alınmalıdır. Bu şirkətlərin, həmçinin istifadəçilər haqqında məlumatları üçüncü tərəflərə ötürməsinə qadağa qoyulmalıdır.
Bundan başqa, adıçəkilən nəhənglərin digər şirkətləri satın almaq üçün son dövrlərdə imzaladığı razılaşmalar qeyri-qanuni elan edilməlidir, çünki bunun rəqabətə ziyan vurduğu hesab edilir.
Belə olan halda "Facebook" şirkəti "Instagram" və "WhatsApp"ı, "Amazon" "Zappos" və "Whole Foods"u, "Google" "YouTube"u, "Apple" isə "App Store"u itirə bilər.