İQTİSADİYYAT

Saxta yüzlüklərlə bağlı hay-küyün qarşısı necə alınır - RƏSMİ

Mərkəzi Bank: Azərbaycanda hər 196 min ədəd pul nişanına 1 ədəd saxta pul nişanı düşür
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Artıq neçə gündür dövriyyədə saxta 100 manatlıq əsginasların olması ilə bağlı xəbərlər dolaşır. Hətta sosial şəbəkələrdə bunu əks etdirən görüntülər də yayılıb. Yayılan xəbərlərə görə, saxta 100 manatlıq əsginasları əslindən fərqləndirmək çox çətindir. Saxta variantı işığa tutarkən bilinir ki, xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Pulun saxta olması xüsusi aparatda açıq-aşkar bilinir. Bu xəbərlər alış-veriş mərkəzlərində əhalini təşvişə salıb. Ticarət mərkəzlərində müştərilərdən 100 manatlıq əkginasları alarkən ehtiyatlı davranılır, pulun hər iki üzünə diqqətlə baxdıqdan sonra götürülür. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq, saxta 100 manatlıqlarla bağlı yayılan informasiyanın həqiqətə uyğun olub-olmadığını araşdırıb.

Saxta ünvanlı yardım alanlara qarşı dəyişikliklər hazırlanıb - Eksklüziv

Azərbaycan Mərkəzi Bankından Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, son günlər sosial şəbəkələrdə saxta 100 manatlıq pul nişanına dair yayılmış videoçarxla bağlı Mərkəzi Bank və Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq araşdırmalar aparır. Üstəlik, manatın mühafizəsi ilə bağlı da zəruri tədbirlər görülür: "Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir. Milli pul nişanlarımızın təhlükəsizlik elementləri yüksək səviyyədədir və Avro pul nişanlarına uyğun 4 pilləli "mühafizə fəlsəfəsi" əsasında hazırlanıb".

Baş bankın bildirdiyinə görə, belə mühafizə sistemi imkan verir ki, pul nişanlarının mühafizə elementlərinin həqiqiliyinin tədavülün bütün mərhələlərdə (əhali, ticarət müəssələri, kredit təşkilatları və Mərkəzi Bank) müəyyən etmək mümkün olsun.

"Dövriyyəyə buraxılmasından 13 il müddət keçməsinə baxmayaraq, milli pul nişanlarımız müasirliyinə, eləcə də mühafizə sisteminə görə öz aktuallığını qoruyub saxlamaqdadır. Bununla belə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pul nişanlarının saxtalaşdırılması cəhdləri olur. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir. Mərkəzi Bank tərəfindən saxtalaşdırmaya qarşı mübarizə istiqamətində ölkədə fəaliyyət göstərən bankların, iri ticarət müəssisələrinin, nağd pul xidmətləri göstərən ixtisaslaşmış təşkilatların əməkdaşlarına, eləcə də orta və ali təhsil ocaqlarının müəllim və tələbə heyətinə milli pul nişanlarımızın mühafizə sistemi ilə bağlı mütəmadi olaraq nəzəri və praktiki seminarlar təşkil olunur. Bununla yanaşı, əhali tərəfindən milli pul nişanlarımızın mühafizə elementlərinin tanınması məqsədilə Mərkəzi Bankın rəsmi internet səhifəsində müxtəlif informativ materiallar, o cümlədən izahedici animasiyalar yerləşdirilib" - AMB-nin məlumatında deyilir.

Mərkəzi Bank manatla bağlı qərar verdi

Burada həmçinin qeyd olunub ki, Mərkəzi Bank pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsilə əlaqədar öz işini hüquq-mühafizə orqanları ilə ciddi koordinasiya edir. Mərkəzi Bank tərəfindən aşkar edilmiş bütün saxta pul nişanları dərhal hüquq mühafizə orqanalarına təqdim edilir və birgə araşdırmalar aparılır.

Mərkəzi Bankdan onu da bildiriblər ki, həyata keçirilmiş birgə tədbirlər və pul nişanlarımızın yüksək mühafizə sistemlərinə malik olması nəticəsində onların saxtalaşdırılması səviyyəsi beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır və tədavüldə olan hər 196 min ədəd pul nişanına 1 ədəd saxta pul nişanı düşür: "Müqayisə üçün, Avro üzrə dövriyyədə olan hər 30 min ədəd pul nişanına 1 ədəd saxta, ABŞ dolları üzrə dövriyyədə olan hər 5 min ədədə 1 ədəd saxta, Rusiya rublu üzrə ilə dövriyyədə olan hər 132 minə bir ədəd saxta pul nişanı düşür".

İqtisadçı Vüqar Bayramov isə deyir ki, inkişaf etmiş ölkələrdə saxta pulların istifadəsinin məhdudlaşdırılması üçün ticarət mərkəzlərində pulun həqiqi, yaxud saxta olduğunu müəyyənləşdirən aparatdan istifadə olunur: "Saxta pulu kəsənlər adətən bu pulları kiçik ticarət obyektlərində istifadə edirlər. Bizdə bunun qarşısını almaq üçün sahibkarlarlara həmin aparatlar faizsiz kreditlə təklif oluna bilər".

İqtisadçı bildirir ki, bütün dünyada pulların saxtalaşdırılması hallarına rast gəlinir: "Nə qədər qəribə səslənsə də, dünyada ən çox saxtalaşdırılan valyuta ABŞ dollarıdır. İkinsi yeri isə avro tutur. İşbazlar çox istifadə edilən pulların çox saxtalaşdırılmasına çalışırlar. Ona görə də Mərkəzi Bankın Azərbaycan manatının təhlükəsizlik nişanını qiymətləndirməsi daha yaxşı olardı. Baxmayaraq ki, MB Azərbaycan manatını dövriyyəyə buraxarkən təhlükəsizlik nişanlarının güclü olduğunu bildirmişdi. Amma reallıq göstərir ki, mütəmadi olaraq risk qiymətləndirilməsinin aparılmasına ehtiyac var. Əgər yeni təhlükəsizlik nişanlarına ehtiyac varsa, MB tərəfindən dövriyyəyə buraxılan pullara həmin təhlükəsizlik nişanlarının daxil edilməsi yaxşı olardı".

Saxta pul satanlar tutuldular

V. Bayramov bundan əlavə təhlükəsizlik nişanları ilə bağlı daimi olaraq maarifləndirməyə ehtiyac olduğunu söyləyir. Onun sözlərinə görə, xüsusi sosial çarxların hazırlanaraq yayılması daha vacibdir: "MB-nin bu istiqamətdə işinin gücləndirilməsinə ehtiyac var".

Qeyd edək ki, 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir: I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub: Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir. Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə "Azərbaycan" mikromətnini görmək mümkündür.

Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli "YÜZ MANAT" yazısına toxunduqda onların relyefliyini hiss etmək olar. Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir. Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, "manat" yazısı və su nişanını görmək olar. Ultrabənövşəyi işıq altında 100 manatlıq əsginas aşağıdakı kimi görünür: Əsginasın əks tərəfində, orta hissədə adi gözlə metal sapın üzərində "manat" yazısını görmək olar. Əsginasa müxtəlif bucaqlardan baxdıqda sağ tərəfdə iki xətt – bənövşəyi və yasəmən rəngli xətlər görmək mümkündür. Bundan başqa, xəritədə mikromətn, xəritənin yanında və əsginasın sağ tərəfində isə xüsusi təsvir əks olunub. 100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.