Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 13 iyul — Sputnik. Bu gün saat 10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında tunelə daxil olan qatarda vaqonların birində həyəcanlı anlar yaşanıb.
Məsələyə aydınlıq gətirmək, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B.Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında faktı təsdiqləyərək son vəziyyəti açıqladı: “09:47-də metronun “Elmlər Akademiyası” stansiyasında belə bir hadisə baş verib. Qatarın havalandırma sisteminin səsində xışıltı olub. Həmin səs bir neçə nəfərdə qorxu yaradıb”.
“Lakin mənə bildirilib ki, hazırda həmin qatarın hərəkətində hansısa problem, texniki nasazlıq yoxdur. Həmin qatar xətdədir”, - deyə mətbuat katibi əlavə edib.