BAKI, 13 iyul — Sputnik. "Namaz qılmaq, oruc tutmaq İslam dininin əsas şərtlərindəndir. "Qurani Kərim"də buyrulduğu kimi, namaz, oruc hər bir müsəlman üçün vacibdir".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, son zamanlar Azərbaycan cəmiyyətində belə bir tendensiya müşahidə olunur: dinlə məşğul olan şəxslər bunu ya danır, ya da aşırı dərəcədə qabardırlar.
"Birincilərə vəzifəli şəxslər – məmur kateqoriyasından olanlar daxildir. Məmurlar nədənsə namaz qlıb, oruc tutduqlarını gizlədirlər. Araşdırmalara görə, xüsusilə orta ranqlı məmurlar arasında inanclı insanlar çoxdur.
Adının çəkilməsini istəməyən orta məmur təbəqəsindən olan şəxs bəzən inanca görə müdiriyyət tərəfindən sıxışdırıldığını iddia edir, özü kimi namaz qılan, oruc tutan həmkarlarının bunu gizlətdiklərini deyir", - deyə F.Mustafa əlavə edib.
Onun sözlərinə görə, dindar olmaqda gizlətməli məqam yoxdur: "Məsələn, mən namaz qılıram, hər cümə məscidə gedirəm, oruc tuturam və Həcc ziyarətində olmağıma baxmayaraq, yenə də getməyi planlaşdırıram. Bunu mən niyə gizlədim ki? Burada utanılmalı heç nə yoxdur axı.
Millət vəkili hesab edir ki, vəzifəli şəxslərin pis əməllərlə məşğul olmaqlarındansa, ibadətlə məşğul olmaları cəmiyyətə fayda verər.
"Ola bilsin ki, dar çərçivədə hansısa məmurlar bunu açıq-aşkar şəkildə etməkdən qorxurlar. Lakin Konstitusiyada hüquq və azadlıqlar var ki, insanların dini inanclarına görə fəaliyyətlərini məhdudlaşdırmaq olmaz. Vəzifədə olan şəxslər də bunu açıq şəkildə edə bilərlər. Onların ibadətlə məşğul olmaqları insanlar üçün çox faydalı olar. Belə ki, din onları cəmiyyətin müəyyən problemlərinin həll edilməsində daha vicdanlı olmağa sövq edər", - deyə F. Mustafa bildirib.