İQTİSADİYYAT

Ət ucuzlaşdı, süd məhsulları bahalaşdı - YERLİ BAZARDA

Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat açıqlayıb
Sputnik

BAKI, 12 iyul — Sputnik. 2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz bahalaşma olub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətlərində 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,2 faiz bahalaşma olub.

Çoban bolluğuna düşdü – Süd ilə dolu çəndə boğuldu

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.

Ay ərzində mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, albalının, gilasın, alçanın, əriyin, şaftalının, kələmin, pomidorun, xiyarın, bibərin, badımcanın, təzə lobyanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, energetik içkilərin qiymətlərində ucuzlaşma olub. Yumru düyünün, buğda ununun, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, kərə və bitki yağlarının, limonun, çiyələyin, şabalıdın, göyərtinin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, dondurmanın, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.