Cinayətkar qruplar zərərsizləşdirib

Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib
Sputnik

BAKI, 12 iyul — Sputnik. Bu ilin 6 ayı ərzində -hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayətin qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov məlumat verib.

Onun sözlərinə görə, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini qeyd edib.

Nazir qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin cinayətlərin acılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb.

Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.

Məruzəçi ötən 6 ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini qeyd edib.

Bununla yanaşı, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin cari ilin birinci yarısında da yerinə yetirildiyini nəzərə çatdıran nazir V.Eyvazov Nazirliyin rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulunun həyata keçirildiyini, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını xatırladıb.