CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövşən Cabbar: "Natiqə dedim ki, bunu şou alətinə çevirənlərə təpinməyə haqqın çatır"

"İki-üç nəfər yığışıb ritm qrupu yaradır, amma baxırsan ki, ritmə xələl gətirirlər"
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Həmsöhbətimiz "Dünya zərb alətləri" beynəlxalq festivalından yenicə qayıtmış zərb ustası Rövşən Cabbardır. Sayca 16-cı dəfə keçirilən bu festivalın əsasını mərhum zərb ustası, gənc yaşında avtoqəza nəticəsində dünyasını dəyişmiş həmyerlimiz Yusif Mayılov qoyub. Bu baxımdan festivalda iştirak mahir zərb ifaçımız üçün ikiqat məsuliyyətdir.

- Rövşən bəy, bu günlərdə Samarada keçirilən festivaldan qayıtmısınız. Təəssüratlarınız necə oldu?

- "Dünya zərb alətləri" beynəlxalq festivalı hər il Rusiyanın Samara vilayətində keçirilir. 16-cı dəfə baş tutan bu ilki festivalda 30 ölkədən 100-ə yaxın tanınmış musiqiçilər iştirak edirdi. Azərbaycanı bu festivalda artıq 5-ci dəfədir ki, mən təmsil edirəm. İlk dəfə qrup şəklində iştirak etsəm də, növbəti illərdə Samaraya ustad kimi tək yollanmışam. Festivala gələn tələbələrə həm də dərs deyirəm. Bu il mənimçün fərqli oldu. Belə ki, bu dəfə oğlumla birlikdə iştirak etdim. Çox maraqlı təşkil olunmuşdu. Qaydalara görə, həftə boyunca davam edən festivalın yekun konserti verilməlidir. Tələbələrlə, oğlumla, daha sonra isə ustadlarla birlikdə çıxışımız oldu. Eyni vaxtda Livandan, Tacikistandan, Türkiyədən, Cənubi Koreyadan, Rusiyadan, Seneqaldan olan sənətkarlarla səhnəni bölüşmək böyük zövq verir.

Rövşən Cabbar: "Natiqə dedim ki, bunu şou alətinə çevirənlərə təpinməyə haqqın çatır"

- Azərbaycan ritmi necə qarşılandı?

- Mən orada şərq aləti ilə iştirak edirdim. Vaxtilə bu alət qədim çalğı alətlərimiz sırasında olsa da, sonradan unudulub. Türklər ona darbuka, Misirdə isə tabla deyirlər. Gildən olan bu alət indi bizdə dəmirlə əvəz olunub. Maraqla qarşılanan çıxışlarımız oldu. Qeyd edim ki, axşamdan səhər saatlarına qədər davam edən konsert Volqa çayının sahilində keçirilir.

- Digər ölkələrdən bizim ritmlərə oxşar olanı var idimi?

- Taciklərin ritmi çox oxşardır. Onların doyra aləti bizim qaval aləti ilə demək olar eynidir. Onlarla bizim duet çıxışımız oldu. Məncə çox gözəl də alındı. Eyni zamanda Rusiyadan Andrey Tanzu, Türkiyədən Berkan Sakıcı, Tacikistandan Xeyrulla Dadabayev, İrandan Həmid Rza ilə də birgə ifalarımız maraqla qarşılandı.

- Festivalda iştirak xərcləriniz kim tərəfindən ödənilir?

- Maliyyə dəvət olunan ölkə tərəfindən qarşılanır.

- Azərbaycanda bu cür festivalın keçirilməsi üçün təklifiniz olubmu?

Rövşən Cabbar: "Natiqə dedim ki, bunu şou alətinə çevirənlərə təpinməyə haqqın çatır"

- Təəssüf ki, ölkəmizdə ritm festivalı keçirilmir. Amma bunun üçün münbit şərait var. Misal üçün, Rusiyada Volqa çayının ətrafında baş tutan belə bir festivalı biz də Xəzərin sahilində təşkil edə bilərik. Bakıda və ya Sumqayıtda keçirilməsi üçün müvafiq infrastruktur mövcuddur. Məncə vətəndaşlar da maraqla qarşılayar. Bununla bağlı festivalda iştirak edən zərb ifaçıları ilə də söhbətlərimiz olub. Onlar da Azərbaycanda keçirilərsə, bu festivalda məmnuniyyətlə iştirak edəcəklərini bildirirlər. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi bu təklifə müsbət yanaşacaq. Azərbaycanda festival olmasa da, müsabiqələr olub. Bizim çox hörmət bəslədiyimiz xalq artisti Natiq Şirinov iki dəfə müsabiqə keçirib. Bu yaxınlarda biz də Sumqayıtın Nərimanov mədəniyyət mərkəzində "Ritm bir dünyadır" adlı müsabiqə etdik.

- Natiq Şirinovun adını çəkdiniz. Aranızda problem var idi. İndi münasibətləriniz necədir?

- O, bizim fəxrimizdir. Amma mən çox istərdim ki, birlikdə səhnəni paylaşaq. Natiq bəy özü də bunu təklif etmişdi. Hətta söz vermişdi ki, Şəkidə konsertdə birlikdə çıxış edəcəyik. Lakin sonra tədbirlərin birində qarşılaşanda, dedi ki, vaxt yoxdur. Mən ona bir neçə dəfə şikayətlənərək demişəm ki, sənin zərb alətini şou, sirk alətinə çevirənlərə möhkəm təpinməyə haqqın çatır.

- Həqiqi sənət adamları dolanışıq üçün məcburiyyətdən toylara gedir. Bəs siz?

Rövşən Cabbar: "Natiqə dedim ki, bunu şou alətinə çevirənlərə təpinməyə haqqın çatır"

- Mən də toylara gedirəm. Amma nə etməli?! Başqa yolumuz yoxdur. Belə olan təqdirdə də sənətə 50 faiz ayırmalı oluruq. Bilirsiniz toy sənət deyil. Sırf sənətlə məşğul olmaq üçün çətinliyimiz var.

- Son vaxtlar ritmlə qeyri-peşəkarlar da məşğul olur.

- İki-üç nəfər yığışıb ritm qrupu yaradır, amma baxırsan ki, ritmə xələl gətirirlər. Ümumiyyətlə, bu sənətdə canlı ifanı bacarmırsansa, demək naşısan. Bir dəfə Natiq Şirinovla məni toya qonaq çağırmışdılar, foyedə söhbət edirdik. Elə mövzumuz da bizim sahəyə yad olan adamlar barədə idi. Yanımızda qeyri-peşəkar bir nəfər də var idi. Təkif etdim ki, bir konsert olsun, gəlib canlı ifa etsinlər. Əlimi həmin adamın çiyninə qoyaraq dedim ki, bu qardaşımız da gələr. O da cavab verdi ki, mən yox. Sizin yanınızda mən canlı ifa edə bilmərəm, bizimki toylara gəlib yola verməkdir. Ümumiyyətlə, bütün insanlar öz nöqsanlarını yaxşı bilirlər. Azərbaycanda ilk dəfə "Natiq ritm qrupu", ondan 5 il sonra biz, 10 il sonra da bu qruplar meydana gəlib. Heç olmasa, arada gəlib bizdən nəsə öyrənsinlər.