ABŞ prezidenti Arnold Şvartseneggeri "öldürüb"

Tramp Ağ Evdə sosial şəbəkələrlə bağlı sammitdəki çıxışı zamanı məşhur Hollivud ulduzunun öldüyünü deyib
Sputnik

BAKI, 12 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp deyib ki, Arnold Şvartsenegger ölüb. Bundan əlavə, o özü də onun ölümündə iştirak edib.

Tramp bu qalmaqallı bəyanatını Ağ Evdə sosial şəbəkələrlə bağlı sammitdəki çıxışı zamanı deyib. Bu barədə jurnalist Hanter Uoker özünün Twitter səhifəsində yazıb.

Sputnik Azərbaycan xəbər verir ki, Kronen Zeitung qəzeti Trampın bəyanatına baxmayaraq, "dəmir Arni"nin yaşadığını yazıb.

Şvartseneggerin özünün isə ABŞ prezidentinin sözlərinə cavabı gecikməyib.

"Mən hələ sağam, buradayam. Vergi bəyannamələrini müqayisə etmək istəmirsiz ki, Donald Tramp?" - deyə məşhur aktyor və siyasətçi əlavə edib.

Daha sonra jurnalist izah edib ki, ABŞ prezidenti "ölüb" sözünü metafora kimi işlədib. O, əslində "Şagird" (The Apprentice) şousunu və onun reytinqini nəzərdə tuturmuş. Bu proqramı əvvəl Tramp aparıb, ondan sonra isə Şvartsenegger.