İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüblər.
Sputnik Azərbaycan xəbər verir ki, ötən gün Zuğulba çimərliyində 4 nəfər şəxs Buzovna qəsəbə sakinləri - xilasedicilər 1980-ci il təvəllüdlü Mehdiyev Ramil və Mahmudov Hüseyni döyüblər.
Məlumata görə, şəxslər sərxoş olublar. Dəniz küləkli olduğu üçün xilasedicilər onlara dənizdə çimməyin qadağan olduğunu bildirib. Həmin şəxslər xilasedicilərin çağırışına əməl etməyib, söyüş söyüb, kobud ifadələr işlədib və onlara xəsarət yetiriblər.
Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Məsələ ilə bağlı Xəzər rayonu Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılır.