BAKI, 11 iyul — Sputnik. Gənclər Fondu təhsil haqqının qarşılanması üçün növbəti ərizə qəbulunu davam etdirir. Sputnik Azərbaycan-a Fonddan verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəyə start verir. Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb.
Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər. Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur. Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Müsabiqəyə 31 dövlət ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər: Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək. Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir. Qeyd edək ki, ətraflı məlumat ilə aşağıda göstərilən link vasitəsilə tanış ola bilərsiniz: https://youthfoundation.az/48130