MƏDƏNİYYƏT

“Televiziyaların bu təbliğatı bütün cəmiyyətimizin zövqünü korlayır” – MÜSAHİBƏ

“Bizimlə bərabər 900 insan eyni vaxtda vokal partiyasında oxumağa başladı” - Eyyub Quliyev
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Çində Kunmin Silk Road Filarmoniya orkestrinin iştirakı və Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Eyyub Quliyevin rəhbərliyi altında simfonik, opera və balet musiqisindən ibarət silsilə konsertlər olub. Yenicə səfərdən qayıtmış Eyyub Quliyevdən müsahibə almaq qərarına gəldik.

“Televiziyaların bu təbliğatı bütün cəmiyyətimizin zövqünü korlayır” – MÜSAHİBƏ

- Eyyub bəy, ilk olaraq Çin səfəriniz haqqında məlumat verərdiniz?

- Bir il öncə Mədəniyyət Nazirliyinin, eləcə də Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə Çin dövlətinin müştərək layihəsi oldu. Çinin ən böyük və ən təmiz şəhərlərindən olan Kunminin Grand teatr salonunda Qara Qarayevin və Cümhuriyyətimizin 100 illiyini qeyd etdik. Həmin şəhərin çox maraqlı orkestri var. Belə ki, bu unikal kollektivdə dünyanın bir çox ölkələrindən – Rusiya, Belarus, Ukrayna, Almaniya, Ekvador, Bosniya, Qırğızıstan, Azərbaycan, Monqolustan və s. yerlərdən musiqiçilər fəaliyyət göstərir. Onlar qısa müddətdə böyük səs-küy yarada biliblər. Onlar bu il də mənə müraciət etdilər. Əvvəl iki konsert nəzərdə tutulsa da, biz orada 4 konsert proqramı ilə çıxış etdik. Qara Qarayevin "Yeddi gözəl" əsəri isə xüsusi rəğbətlə qarşılandı. Yəqin ki, bu da yeddi gözəldən birinin Çin gözəli olması ilə əlaqədardır.

Təsadüfi deyil ki, həmin kollektiv sentyabrda Azərbaycana səfər edəcək. Bildiyimiz kimi, Üzeyir Hacıbəyli adına növbəti 16-cı beynəlxalq festival keçiriləcək. Həmin festivalda dünyanın bir çox kollektivlərinin iştirakı gözlənilir. O cümlədən Çin kollektivi də dəvətlidir.

- Azərbaycanın korifey sənətkarlarının əsərlərini ifa etdiniz. Hansı daha çox maraqla qarşılandı?

- Onlar Qara Qarayevi artıq öz bəstəkarları kimi qəbul edir. Orkestr o qədər məmnuniyyətlə ifa edir ki, heyran olmamaq mümkünsüzdür. Biz Çində, daha sonra İncəsənət Universitetində konsert verdik. Orada "Sonalar gölü", "Yatmış gözəl", "Don Kixot" əsərləri ilə yanaşı mütləq şəkildə “Yeddi gözəl” əsəri də proqrama salınmışdı.

“Televiziyaların bu təbliğatı bütün cəmiyyətimizin zövqünü korlayır” – MÜSAHİBƏ

- İzləyicilər kimlər idi?

- Əsasən yerli əhali. Xüsusilə gənclər. Orada maraqlı hadisə oldu. Çinlilər çox vətənpərvər xalqdır və öz musiqilərinə xüsusi həssaslıqla yanaşırlar. Konsertdən bir müddət öncə təşkilatçılar mənə Çin musiqilərini göndərmişdilər. Mən orada çinlilərin "Mən səni sevirəm Çin" əsərini ifa etdim. Onlar nə qədər güclü ifa olsa da, öz hisslərini cilovlaya bilirlər, soyuqqanlı olurlar. Təsəvvür edin, həmin əsər ifa olunan zaman bütün zal ayağa qalxdı. Bizimlə bərabər 900 insan eyni vaxtda vokal partiyasında oxumağa başladı. İlk dəfə Çin dinləyicisi konsertdə çıxışçılara qoşuldu. Konsert bitdikdən sonra Universitet rəhbərliyi bizə, Azərbaycana təşəkkürünü bildirərək "Bizə bayram hədiyyə etdiniz" söylədi.

- Bayaq qeyd etdiniz ki, sentyabrda Bakıda böyük konsert proqramı təşkil olunacaq. Festival çərçivəsində nələr nəzərdə tutulur?

- Ənənəvi olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi sentyabrın 18-i Musiqi günündə maraqlı konsert proqramı təşkil edir. Çox güman ki, festival 12 gün davam edəcək. Festivalda yeni kollektivlərin iştirakı planlaşdırılır. Böyük Çin kollektivi də qonaqlar arasında olacaq. Bu, həm dinləyicilərimiz üçün, həm də biz sənətçilər üçün önəmli hadisədir. Bizim "Koroğlu" tamaşası da proqrama daxil olub. Həmin tamaşanı mən idarə edəcəyəm.

“Televiziyaların bu təbliğatı bütün cəmiyyətimizin zövqünü korlayır” – MÜSAHİBƏ

- İşlədiyiniz Opera və Balet Teatrında hal-hazırda vəziyyət necədir?

- Vəziyyət çox ümidvericidir. Mədəniyyət işçilərinin ölkə rəhbəri ilə görüşündən sonra müəyyən addımlar atıldı. Teatr aktyorlarının maaşının artırılması çox önəmli məsələ idi. Yaradıcı adamlara böyük stimuldur. Eyni zamanda, cənab Prezident əlavə olaraq teatrlara yardım ayırdı. Yeni alətlərin, detalların alınması vacib məsələ idi. Təbii ki, həmin yardım əsasında lazımi vəsaitlər əldə olunacaq. Elə də asan proses deyil. Çünki alətlərin əldə olunması üçün xarici ölkələrə üz tutmalıyıq. Bu da böyük maliyyə deməkdir. Həmçinin teatrımızın daxilində müəyyən təmir işləri aparılır. Yaradıcı işlərimiz isə göz önündədir. Bu mövsüm bizim bir neçə premyeramız olub. May ayında gerçəkləşən "Nəsimi" baleti, Cakomo Puççininin "Manon Lesko" opera tamaşası gerçəkləşdi. Yanvarda kiçik dinləyicilərimizi də unutmadıq. Andersenin nağılları əsasında Şubertin musiqilərindən istifadə edərək "Dahi hekayəçi" ikipərdəli balet hazırladıq. Yeni tamaşalarla yanaşı vaxtilə səhnəmizdə olmuş, amma uzun müddət səhnə həyatını itirən əsərləri bərpa edirik. Maraqlı bir fakt deyim. Üzeyir Hacıbəylinin yaxın qohumu, Bülbül adına orta ixtisas məktəbinin direktoru olmuş Nazim Əliverdibəyovun uşaqlar üçün nəzərdə tutulmuş "Cırtdan" operasını 20 ildən sonra bərpa etdik, yenidən səhnəyə qaytardıq.

- Azərbaycanda klassik musiqinin, ciddi sənət əsərlərinin təbliğatı sizi qane edirmi?

- Öncəki illərə nisbətən indi daha yaxşıdır. Bir zamanlar keyfiyyətsiz, bəsit, səviyyəsi kifayət qədər aşağı olan geniş şəkildə yayılmış nümunələr var idi. Estradadan qaynaqlanan bu keyfiyyətsiz musiqi təhlükəli şəkildə insanların beyninə yeridilirdi. İnsanlar da bunu normal, professional musiqi kimi qəbul edirdi. Musiqi sənətini tanımayan, onun xırdalıqlarını anlamayan, oxumaq qayda-qanunlarını bilməyən insanlar pisi yaxşıdan necə ayırmalıdır? Təbii ki, onlara peşəkar musiqi təbliğ olunmalıdır. Mən inanmıram ki, hansısa qurum bu tip musiqiləri bilərəkdən təbliğ etsin.

“Televiziyaların bu təbliğatı bütün cəmiyyətimizin zövqünü korlayır” – MÜSAHİBƏ

- Amma gəlin açıq danışaq, onlara bu meydanı televiziyalar verir.

- Elədir. Amma zaman keçdikcə bunu edən insanlar öz səhvlərini anladılar. Bu cür təbliğat 10-15 nəfərin yox, bütün cəmiyyətimizin zövqünü korlayır, milli, mədəni, ictimai baxışlarına xələl gətirir, insanların dünyagörüşünü korlayır. Amma son zamanlar inkişaf var. Önəmli layihələrin sayı artıb. Muğam müsabiqəsi, caz, klassik, Rastrapoviç festivalı, Şəkidə İpək yolu festivalı bu silsilədəndir. Bildiyim qədərilə, həmin musiqi tədbirlərinə giriş ödənişsizdir. Regionlarda bu tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki orada yaşayan insanların Bakıdan fərqli olaraq teatra konsertə getmə imkanları yoxdur.

- Opera və Balet Teatrımız öz təbliğatını necə qurur?

Bizim teatrdan fərqli olaraq dünyanın məşhur La Skala, Metropol, Mariinski, Koventqarden teatrlarının böyük maliyyəsi bazası, dəstəyi var. Dövlət ilə yanaşı adını çəkdiyim teatrlara iş adamları, böyük holdinq sahibləri də dəstək olur. Bununla yanaşı xarici ölkələrdə insanlar günlər öncə hazırlaşır ki, teatra gedəcək. Bu tələbatı yaratmaq üçün ilk növbədə təbliğat lazımdır. Bizim opera və balet sahəsində təbliğatımız digər sahələrə nisbətən axsayır. Mən çox istərdim ki, bu yöndə işimizi quraq. Əlbəttə, bizim teatrın öz daimi dinləyiciləri var. Amma biz daha çox insanların teatrımıza gəlməsini istəyirik. Ona görə də televiziyada, radioda təbliğat aparılmalıdır.

“Televiziyaların bu təbliğatı bütün cəmiyyətimizin zövqünü korlayır” – MÜSAHİBƏ

- Teatrda yetərincə gənc kadrlar varmı?

- Teatr rəhbərliyi gənclərə xüsusi önəm verir. Hətta elə olur ki, ali təhsilini yenicə başa vuran şəxsləri ilk dinləyişdən qəbul edirik, böyük tamaşalarda çıxış edirlər. Opera truppasında qısa bir zamanda məşhurlaşan vokal ifaçılarımız var. Onlardan Əməkdar artist Afaq Abbasova, Cahangir Qurbanov, Nina Makarova, Tural Ağasıyev, İnarə Babayevanı, balet truppasında Cəmilə Kərimova, Nigar İbrahimova, Makar Ferştandt, Anar Mikayılov, Dinarə Şirinova, Ayan Eyvazovanı qeyd etmək olar.