BAKI, 10 iyul — Sputnik. Rusiya və Gürcüstan arasında aviasiya əlaqəsi yenidən bərpa oluna bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kommersant" nəşri Rusiya Xarici İşlər Nazirliyində olan mənbəyə istinadən bildirir.
Mənbə nəşrə açıqlamasında qeyd edib ki, Moskva rəsmi Tbilisinin jurnalist Georgi Qabuniyanın Rusiya lideri Vladimir Putinin ünvanına səsləndirdiyi qeyri-etik ifadələrlə bağlı reaksiyasından razı qalıb. Rusiya XİN-dən olan mənbə qeyd edib ki, əgər "Gürcüstanda rusofobiya dayansa, ölkə rəhbərliyi bu məsələdə davamlı olsa", onda aviasiya əlaqəsinin də bərpası istisna edilmir.
Bundan əlavə, Rusiya tərəfi perspektivdə Gürcüstan vətəndaşları üçün viza rejiminin aradan qaldırılması məsələsinə də qayıda bilər. Nazirlikdən qeyd olunur ki, Tbilisidə Rusiya əleyhinə etiraz aksiyalarına qədər Gürcüstanda vizaların ləğvinə dair sərəncam hazır idi, onu yalnız imzalamaq qalırdı.
Nəşrin mənbəsi vurğulayıb ki, gələcəkdə vəziyyət normallaşsa, "onda hər şeyi geri qaytarmaq mümkün olar".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamına əsasən, iyulun 8-dən Rusiya aviaşirkətlərinə Gürcüstana uçuş qadağan edilib.
Vladimir Putin, həmçinin Gürcüstan əleyhinə sanksiyaların tətbiqinə qarşı çıxıb: "Mən bunu məhz gürcü xalqına olan hörmətimdən irəli gələrək etməzdim".
Bir müddət öncə Rusiya Dövlət Duması Gürcüstan əleyhinə məhdudlaşdırıcı tədbirlərin görülməsi təşəbbüsünü irəli sürüb.
Səbəb kimi "aramsız anti-Rusiya təxribatları" göstərilib.
Moskva və Tbilisi arasında münasibətlər son günlərdə kəskin şəkildə pisləşib. Bir qədər əvvəl Gürcüstanda yerli hökumət və Rusiya əleyhinə etiraz aksiyalarının başlaması nəticəsində iki ölkə arasında uçuşlar dayandırılıb.