CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsl nehrə yağını seçməyin yolu varmış - AQTA sədri açıqladı

"Trans yağ turşularının yüksək miqdarda olması ürək damar xəstəliklərinin olma riskini 21 faiz, ölüm riskini isə 28 faiz artırır" - Qoşqar Təhməzli
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. "Trans yağlar insan orqanizmində çətinliklə əriyir, ya da ərimir. Bu səbəbdən də belə yağlar insan orqanizmi üçün ziyanlıdır. Son zamanlar Azərbaycanda aparılan ekspertizaya əsasən, Sumqayıt, Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki və Tovuz regional bölmələrində 32 adda müxtəlif yağda - kərə və spred yağlarında trans yağların miqdarının yüksək olması aşkarlanıb. Bu nümunələrin 12-də trans yağların miqdarı normadan yuxarı olub". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Saxta kərə yağı istehsal edən sexlər ifşa edildi

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, trans yağ turşularının yüksək miqdarda olması ürək damar xəstəliklərinin olma riskini 21 faiz, ölüm riskini isə 28 faiz artırır: "Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərlərinə xəbərdarlıq edərək bildirirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər. Çünki artıq trans yağların normativləri ilə bağlı işlər görülür".

"Cənub bölgəsində aşkarlanmış 6 süd məhsulu istehsalı müəssisəsindən götürülmüş nehrə yağı adı altında istehsal olunan məhsulların ekspertiza nəticəsi bəlli olub. Təəssüflər olsun ki, bu gün nehrə yağı adı altında Azərbaycanın müxtəlif regionlarında satılan dırnaqarası məhsullar əsl nehrə yağı deyil. Trans yağların nehrə yağı adı altında satılması əsl cinayət faktıdır. Eyni zamanda, tərkibində trans yağ aşkarlanan 12 adda yağın 80 faizindən çoxunun ölkəyə idxal olunduğu da məlum olub”, - deyə Q.Təhməzli əlavə edib.

Alınan məhsulun əsl nehrə yağı olub-olmadığını necə müəyyənləşdirmək olar sualına isə AQTA sədri belə cavab verib: “Aldığımız məhsulun təmiz olub-olmamasını ona bıçaq vurarkən müəyyənləşdirmək mümkündür. Əgər yağı bıçaqla böldükdə o, hamar qalmırsa və ovulursa, bu o deməkdir ki, o keyfiyyətlidir”.