Putini təhqir edən aparıcıya cəza kəsdilər

Jurnalistin etikadan kənar hərəkəti Gürcüstanın sosial şəbəkələrində, eləcə də ictimaiyyət və siyasətçilər arasında hiddət yaradıb
Sputnik

BAKI, 8 iyul — Sputnik. "Rustavi-2" telekanalının jurnalisti Georgi Qabuniyanı 2 ay müddətinə işindən uzaqlaşdırıblar.

Sputnik Gürcüstan xəbər verir ki, məlumatı "Rustavi 2" telekanalı yayıb.

Qabuniyanın aparıcısı olduğu "Postskriptum" verilişi bazar efirində əməlli-başlı partlayış effekti yaradıb - jurnalist Rusiya Prezidenti Vladimir Putinin və onun mərhum valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədib, söyüb. Aparıcı rus dilində dəqiqə yarım söyüş söyüb.

Rusiya Gürcüstana embarqo tətbiq etməyə hazırlaşır

"Telekanalın özünütənzimləmə orqanının qərarı ilə Georgi Qabuniyanın fəaliyyəti iki ay müddətinə tam dondurulub. Bu məhdudiyyət onun hazırladığı və aparıcısı olduğu bütün verilişlərə aiddir", - telekanalın məlumatında deyilir.

Jurnalistin etikadan kənar hərəkəti Gürcüstanın sosial şəbəkələrində, eləcə də ictimaiyyət və siyasətçilər arasında hiddət yaradıb. Gürcüstanın hakim dairələri "Rustavi-2"nin efiri barədə kəskin fikirlər bildiriblər. Ölkənin Baş naziri Mamuka Baxtadze Qabuniyanın hərəkətini ölkədə stabilliyi pozmaq cəhdi kimi qiymətləndirib. Eyni zamanda, telekanalın qarşısında etiraz aksiyası keçirilməyə başlayıb.