BAKI, 8 iyul — Sputnik. Ev işlərində kömək etməsi üçün ərinə yazdığı qısa məktuba görə polis qadını həbs edib.
Sputnik Azərbaycan The Sun-a istinadən bildirir ki, Britaniyanın Nort-Yorkşir qraflığının Katterik kəndindən olan Valeri Sanders xırda xahişinə görə 17 saat həbsdə keçirməli olub.
Məhkəmə işi hələ ötən il başlayıb və bu günlərdə yekunlaşıb. Hakim andlıların seçim prosesindən az öncə Sandersin günahsız olduğu barədə ərizəsini qəbul edərək iddianı ləğv edib.
14 ay əvvəl qadın gününü zalda məşq etməklə keçirən ərinə məktub yazaraq ev eşlərində azacıq kömək etməsini istəyib. Bundan sonra 4 polis zabiti evə gəlib, qadını "icbari nəzarətdə" ittiham edərək polis bölməsinə aparıb. Məlum olub ki, kişi polisə şikayət edərək arvadının onu daim nəzarətdə saxladığını və məcburi ev işləri gördürdüyünü deyib.
Qadın bu ittihamdan hiddətlənib. Üstündən bir il keçəndən sonra kişi də "ağıllanıb", polisə müraciət etməkdə haqlı olduğuna indi elə də əmin deyil. Ancaq yenə də iddia edir ki, başqa çıxış yolu yox idi.
"O istəyirdi ki, məın hər gün itlərin arxasınca gəzib zibillərini təmizləyim", - kişi deyib.
Cütlük 2012-ci ildə internetdə tanış olub, iki il sonra evlənib. Toydan az sonra kişi işini itirib və bütün vaxtını bodobildinqə həsr edib.
Bu dəyişiklik qadının ürəyincə olmayıb və ərindən steroidlərə aludə olub idman zalında vaxt öldürməməsini xahiş edib. Şəxsi həyatına bu cür müdaxiləni kişi polisə müraciət etməklə dayandırıb.
Sanders hadisədən sonra boşanma ərizəsi verib.
"Həbsxana kamerasında keçirdiyim 17 saat ona olan sevgimi öldürdü. İndi hər şey bitdi, yüngülləşdim", - qadın etiraf edib.