CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm bölgələrinə avtobus reysləri artırılıb

Əvvəllər gündəlik beynəlxalq reyslərdə 600-700 sərnişin olurdusa, indi bu rəqəm 1200-1300-dür
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Bakıdan turizm bölgələrimizə və xarici ölkələrdəki turizm şəhərlərinə avtobus reysləri artırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova məlumat verib. P. Məmmədova bildirib ki, Qəbələ, Quba, Qusar, Gəncə istiqamətinə sərnişin sıxlığı artdığından, bu bölgələrə reyslərin də sayı artırılıb.

Eyni zamanda, P. Məmmədova sözügedən istiqamətlərə reyslərdə avtobus sayının da sərnişin sıxlığına uyğun olaraq artırıldığını söyləyib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü əlavə edib ki, turizm bölgələrimizə sərnişin daşımada mövsüm başlayandan canlanma var. Onun sözlərinə görə, həmin bölgələrə gündəlik turizm mövsümü başlayanadək 7-8 min sərnişin daşınırdısa, bu rəqəm hazırda 12 minə yüksəlib. P.Məmmədovanın sözlərinə görə, Bakıdan bir sıra tanınmış beynəlxalq turizm mərkəzlrinə əvvəllər hər gün 1 reys sərnişin daşınırdısa, iyun ayının ortasından bu istiqamətlərdə bəzən 2-3, ehtiyac olduğu halda isə 5 avtobus hərəkət edir. Belə ki, əvvəllər gündəlik beynəlxalq reyslərdə 600-700 sərnişin olurdusa, indi bu rəqəm 1200-1300-dür.