İQTİSADİYYAT

Dollar üçün daha bir bəd xəbər - Tramp yeni oyun başlayır

Trampın fikrincə, həddindən artıq bahalı dollar malların və xidmətlərin ixracına mane olur və ticarət defisitini artırır
Sputnik

BAKI, 8 iyul — Sputnik. ABŞ Federal Ehtiyat Sistemi (FED) dolları zəiflətməyə başlayacaq. Belə bir qənaətə "Saxo Bank"ın analitikləri gəliblər. Onların fikrincə, Federal Ehtiyat Sisteminin ritorikasında baş vermiş dəyişikliklər ABŞ valyutasının zəifləyəcəyinə dair bir işarədir.

Dollardan imtinaya dəvət: Azərbaycan hansı qərarı verəcək?

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, FED artıq uçot dərəcələrinin azaldılmasına yönəlmiş yolu seçib. Analitiklər isə əmindirlər ki, uçot dərəcələrinin azaldılması bu il iki dəfə baş verəcək – iyulda və sentyabrda.

Yeri gəlmişkən, keçən həftə keçirilən iclas zamanı FED uçot dərəcələrində heç bir dəyişiklik etməyib. Bundan əvvəl, 2018-ci ildə faiz dərəcələri ardıcıl olaraq dörd dəfə artırılıb. Səbəb kimi o vaxt iqtisadiyyatın özünə gəlməsi və pul stimullarına ehtiyacın olmaması göstərilirdi. Lakin bu ilin martında Trampın təzyiqi altında FED uçot dərəcəsini artırmaqdan imtina edib. İndi isə növbəti addım uçot dərəcəsinin azaldılması olacaq.

Valyuta müdaxiləsi

1990-cı illərin ortalarından etibarən ABŞ "güclü dollar siyasəti" yürüdüb. Lakin hazırkı Prezident Donald Tramp əmindir ki, güclü dollar Amerika iqtisadiyyatına ziyan vurur. Onun fikrincə, həddindən artıq bahalı valyuta malların və xidmətlərin ixracına mane olur və ticarət defisitini artırır. Qeyd edək ki, ticarət defisiti keçən il tarixdə ilk dəfə olaraq 621 milyard dollara çatıb.

Sözdə deyil, əməldə: Rusiya, Çin və Aİ dollardan imtina edir

"Bank of America" hesab edir ki, Tramp valyutaya müdaxilə etmək qərarına gələ bilər: bankın analitiki Mişel Mayerin fikrincə, faiz dərəcələrini azaltmaq kifayət etməsə, valyuta müdaxiləsi baş verəcək.

Keçən həftə tvitlərindən birində Tramp yazıb ki, ABŞ dünyada gedən "böyük valyuta oyununa" qoşulmalıdır.

"Çin və Avropa böyük miqyaslı valyuta manipulyasiyası ilə məşğuldur – onlar ABŞ-la rəqabət aparmaq üçün öz iqtisadiyyatlarına pul doldururlar. Biz ya müvafiq olaraq hərəkət etməli, ya da tənbəllik edərək başqa ölkələrin artıq neçə illərdir oynadıqları bu oyunları nəzakətlə izləməyə davam etməliyik!" – Tramp tivitində yazıb.

Səhv addım

Lakin Trampın zəif dollar siyasəti iqtisadi artımı sarsıda bilər. Ekspertlər izah edirlər ki, bu strategiya uzunmüddətli perspektivdə səhvdir – o, yalnız ölkə borclarının dəyərini artırır.

Siyasət dolların stabilliyinə qarşı yönəlsə, xaricilər Amerikanın dövlət borcunu maliyyələşdirməyəcəklər. Dollar isə dünyanın ehtiyat valyutası kimi qəbul edilir və ABŞ da tamamilə bundan asılıdır.