CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut üzrə yeni avtobuslar xəttə buraxıldı

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir
Sputnik

BAKI, 8 iyul — Sputnik. Paytaxtda daha bir marşrut üzrə yeni avtobuslar xəttə salınıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

M. Ağayev bildirib ki, bu gün səhər 46 nömrəli müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlər xoş sürprizlə qarşılaşıblar:

"Artıq onlar da rahat və müasir avtobuslardan istifadə edirlər. Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində ötən dövrdə daşıyıcılar tərəfindən 200 ədədə yaxın müasir avtobus gətirilərək istismara verilib. Sərnişindaşıma sahəsində sahibkarlar üçün yaradılan imkanlardan istifadə edərək "Vətən.AZ-Trans" MMC tərəfindən də yeni sərnişin avtobusları gətirilib. Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunan tələblərə uyğun olan avtobuslar 46 nömrəli müntəzəm marşrut üzrə istismara verilib. Qarşıdakı aylarda 46 saylı xətt üzrə gediş haqqı ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə aparılacaq. Artıq bununla bağlı müvafiq işlər görülür. "İsuzu Citibus" markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Onu da qeyd edim ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Avtobusların ilk hissəsinin avqust ayında gətirilməsi nəzərdə tutulub. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq".