QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma nədən ibarətdir?

Deputat: ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı
Sputnik

BAKI, 8 iyul — Sputnik. Milli Məclisin deputatı, ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili "Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma" mövzusunda məqalə yazıb. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, məqaləni olduğu kimi təqdim edirik:

"ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası "Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu" mövzusuna həsr olunmuşdu. Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da əsas müzakirələrin "Siyasi İşlər və Təhlükəsizlik" komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki, məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrdən dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin, xüsusilə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı.

Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma nədən ibarətdir?

Nə idi bu yeni yanaşma:

1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fəqrli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə EYNİ yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Həttə Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmasının sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adını siyahıdan çıxarılmasını təklif edən dəyişiklik 41 əleyhinə, 6 leyihə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.

2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olan münaqişələrin SUVERENLİK, ƏRAZİ BÜTÖVLÜYÜ və BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ SƏRHƏDLƏRİNİN TOXUNULMAZLIĞI prinsipi əsasında nəticə yönümlü danışıqların apaılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqədərratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.

Azərbaycan XİN iddialara münasibət bildirib

3. Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yol verilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə qondarma və separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətrilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.

4. Sənəddə münaqişə ərazisi kimi yalnız AZƏRBAYCANIN göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.

5. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.

6. Bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun- güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların özmüqəddaratını təyin etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllnə rəsmi dəstək verdi.

7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı və ciddi hüquqi və siyasi əsas yaratmış oldu.

Qarabağ münaqişəsi Qafqazda əlavə gərginlik yaradır

Bu qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan onun çox böyük siyasi əhəmiyyəti var.

Xatırladım ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyyə edilir. Bu baxımdan qəbul edilmiş qətnamə layihəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yeni diplomatik nailiyyətdir.

Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyası iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərinin daha çox qəbul etmələrinə səbəb oldu".