BAKI, 8 iyul — Sputnik. Bu gün Lüksemburqda keçirilən ATƏT PA-nın 28-ci illik sessiyasının yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Sputnik Azərbaycan ATƏT PA-nın Facebook səhifəsinə istinadla xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə 2022-ci ilədək bu vəzifəyə seçilib.
Azay Quliyevlə yanaşı Rumıniyadan olan deputat Viktor Pol Dobre və Portuqaliyalı parlamentari Nilza de Sena da ATƏT PA-nın vitse-prezidentləri seçiliblər. Gürcüstanlı parlamentari Georgi Sereteli isə yenidən bir il müddətinə ATƏT PA-nın prezidenti seçilib.
Qeyd edək ki, Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri (2008-ci ildən), Milli Məclisin III[1], IV və V çağırış deputatıdır. O, 2013-2016-cı illərdə ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, 2016-cı ildən indiyədək isə ATƏT PA-nın vitse-prezidenti olub. Azay Quliyev ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəldiyi üçün, ATƏT PA üzvlərinin etimadını qazanıb.