Milyarderi həbs etdilər - adam oğurluğu və cinsi istismara görə

On il əvvəl azyaşlılara təcavüz etdiyinə görə 13 ay həbsdə yatan milyarder yenidən eyni ittihamla qandallandı
Sputnik

BAKI, 7 iyul — Sputnik. Amerikalı maliyyəçi, milyarder Ceffri Epşteyn həbs edilib.

Sputnik Azərbaycan "New York Times"a istinadən bildirir ki, əvvəllər həddi-büluğa çatmayanlara qarşı seksual təcavüzdə ittiham olunan milyarder şənbə günü, iyulun 6-da insanların cinsi istismar məqsədilə alverinə görə saxlanılıb.

Nəşr bildirir ki, polislərin Nyu-Yorkda qandalladıqları Epşteyn Federal Prokurorluğun irəli sürdüyü ittihamlara görə nəzarət altına alınıb. Qeyd olunur ki, milyarder bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq.

CBS Miami telekanalının məlumatına görə isə, Epşteyn Nyu-Cersi aeroportunda, milyarderin şəxsi təyyarəsi Parisdən döndükdən sonra həbs edilib. Şübhəlinin Nyu-Yorkdakı mənzilində axtarış aparılıb. 

​2007-2008-ci illərdə C.Epşteyn azyaşlılara təcavüz etməkdə suçlanırdı. Araşdırmalar zamanı müəyyən edilmişdi ki, Epşteyn intim xidmətlərə görə həddi-büluğa çatmayan qızlara pul ödəyirmiş, həmçinin onun həmin qızları başqalarına təklif etdiyi də ehtimal olunurdu. Ancaq Epşteynin vəkillərinin sayəsində ittihamların yükü azaldılmış, milyarder cinsi cinayətlərdə günahkar olduğunu etiraf etmiş və 13 ay həbsdə yatmışdı.