BAKI, 7 iyul — Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranın nüvə proqramı ilə bağlı qərarının əvəzində yeni sanksiyalar və təcridolunma ilə üzləşəcəyinə söz verib.
Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, Pompeo sosial şəbəkə hesabından İrana təhdid mesajı verib.
"İranın nüvə proqramını böyütməsi növbəti dəfə təcrid olunmaya və yeni sanksiyalara səbəb olacaq. Ölkələr İranın uranı zənginləşdirmək üçün hüququnun olmadığı çoxdankı standartı bərpa etməlidirlər", - Pompeo Twitter-də yazıb.
"Nüvə silahına malik İran rejimi dünya üçün daha böyük təhlükə kəsb edəcək", - dövlət katibi əlavə edib.
Bu gün İran 3.67% səviyyədə uranın zənginləşdirilməsinə başlayacağı barədə elan edib. Bu, Birgə Hərtərəfli Fəaliyyət Planının təyin etdiyi limitdən çoxdur. Həmçinin cənub qonşumuz bildirib ki, əgər Birgə Hərtərəfli Fəaliyyət Planının iştirakçıları əldə edilmiş razılaşmalara əməl etməsələr, nüvə razılaşması üzrə öhdəliklərin azaldılması hər 60 gündən bir aparılacaq.