BAKI, 6 iyul — Sputnik. "Son illər stent qoyulmasında artım müşahidə olunur. Bunun bir səbəbi diaqnostika sahəsində olan irəliləyişlə bağlıdır, digər səbəbi isə insanların öz sağlamlığına fikir verməsidir. Yəni, vətəndaşlar vaxtı-vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarlarda 70 faizdən çox daralma olmasıdır. Əgər xəstədə belə hal varsa, biz ona stentin qoyulmasını tövsiyə edirik. Bu da öz növbəsində kəskin infarktın qarşısını almağa kömək edir”.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkim kardioloqu Emin Hacıbalayev danışıb.
Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib.
- Emin müəllim, invaziv kardiologiya barədə məlumat verərdiniz?
- İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.
Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub-olmadığı müəyyən olunur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər.
- Hansı hallarda xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif edirsiniz?
- Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci biz angioqrafiyanı edirik, damarlardakı vəziyyəti görürük. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir.
- Stentin qoyulmasında yaş fərqi varmı?
- Xeyr, burada yaş fərqi rol oynamır. Bizim 28 yaşdan 86 yaşa kimi xəstəmiz var ki, onlara stent qoyulub. Burada irsiyyət, genetik faktlar rol oynayır.
- İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?
- İnvaziv prosedurlarla digər prosedurlardakı kimi risklər var. Risklərin ümumi faizi 1000/1 təşkil edir. Bunların içində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var. Həmçinin alergik reaksiyaları da bura daxil etmək olar.
- Hər bir xəstə bu müdaxilə yolu ilə sağala bilərmi?
- İnvaziv prosedurların birinci məqsədi diaqnozu düzgün qoyma, digəri isə xəstəni sağaltmaqdır. Bu prosedurları etməkdə məqsəd xəstənin ömrünü uzatmaqdır, onun yaşayış səviyyəsini yüksəltməkdir.
- Xəstə invaziv prosedurlardan sonra özünü necə qorumalıdır?
- İnvaziv prosedurlardan sonra xəstə əgər anju olunubsa və damarlarda ciddi darlıq yoxdursa biz tərəfdən müalicə yazılır ki, darlıq artmasın. Kəskin infarktın qarşısını almaq üçün müəyyən qan duruldacaq dərmanlar məsləhət görürük. Bir məqamı da xüsusi vurğulamalıyam ki, ürək xəstələri xroniki xəstələr sayıldığı üçün mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar. Həkimin tövsiyəsinə uyğun olaraq il boyu müəyyən prosedurlardan keçməlidir.
- Əgər xəstəyə stent qoyulubsa, bu halda nə etməldir?
- Əgər xəstəyə stent qoyulubsa onda daha ciddi müalicə alır. Qan duruldan terapiya, ürək çatışmamazlığı terapiyası, həmçinin əgər xəstənin təzyiqi varsa, ona uyğun müalicə almalıdır.
- Ürək xəstələri gündəlik qidalara necə riayət etməlidir?
- Ümumiyyətlə əgər xəstədə stent varsa və ya yoxdursa mütləq gündəlik qida rejiminə əməl edilməldir. Çünki son vaxtlar ürək xəstələrinin artmasının bir səbəbi də düzgün qidalanmanın olmaması ilə bağlıdır. Ürək xəstələri öz qidalarında daha ciddi fikir verməlidirlər.
- İsti yay aylarında ürəyində müəyyən narahatçılıq olanlara nə kimi tövsiyə verərdiniz ?
- Əgər xəstə bilirsə onun ürəyində müəyyən problemlər var o hər zaman öz üzərində həkimin təyin etdiyi dərmanları gəzdirməlidir. Yəni dərman qəbulu davamlı şəkildə olmalıdır. Xəstə özünü bir müddət yaxşı hiss edirsə, bu o demək deyil ki, dərmanların qəbulunu kəsməlidir. Bir çox xəstələr belə hallarda dərman qəbulundan imtina edirlər. Bu düzgün hal deyil. Yay aylarında tərləmələr tez-tez baş verir. Bədəndə su itkisi olur. Bununla da qan daha tez laxtalanmağa başlayır. Hətta heç bir problem olmayan insanlarda müəyyən problemlə meydana çıxır. Bunun üçün isti vaxtlarda insan gərək günün altında maksimum dərəcədə az olsun. Daha çox maye qəbul etməlidir. Ümumiyyətlə isə səhhətində hansısa problem çıxırsa vaxtı-vaxtında həkimə müraciət etməlidir.