HADİSƏ

Hərbi hissədəki faciə ilə bağlı cinayət işi başlanıb

Cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir
Sputnik

BAKI, 6 iyul — Sputnik. İyunun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gedib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

SOCAR-a məxsus limanda partlayış oldu, ölən və yaralılar var

Bildirilib ki, hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir. Qeyd olunub ki, cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin hərbi hissələrindən birində bədbəxt hadisə baş verib. Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olublar. Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.