BAKI, 5 iyul — Sputnik. Adı FETÖ terror təşkilatı ilə hallanan sahibkar Murad Qənbəroğlu barədə istintaq tamamlanıb.
Sputnik Azərbaycan “Yeni Şafak”a istinadən bildirir ki, Ankara Baş Prokurorluğunun "silahlı terror təşkilatına üzvlük" iddiası ilə açılan davada "Aksesuar İnşaat" mağazalarının sahibi M.Qənbəroğlu üçün 15 ilə qədər həbs cəzası istənilib. İddianamədə bildirilir ki, Azərbaycan Daxili İşlər Nazirliyi FETÖ ilə Azərbaycanda fəaliyyət göstərən "Aksesuar İnşaat" şirkətinin əlaqə qurduğunu təyin edib.
Məlum olub ki, Murad Qənbəroğlunun əmisi, "Aksesuar Group” Türkiyə şirkətinin sahibi olan Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da, ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nun Azərbaycandakı şəbəkəsinə üzv olub.
Fətullah Gülənin təlimatı ilə "Bank Asya”ya 891 min türk lirəsi yatırdığı iddia olunan Murad Qənbəroğlu bildirib ki, həmin vəsaiti banka köçürməyi ona əmisi Selamet Qənbəroğlu tapşırıb. Təşkilatın fəaliyyəti ilə bağlılıqda ittiham olunan M.Qənbəroğlu özünün deyil, əmisinin FETÖ-çü olduğunu bildirib. O, hazırda ABŞ-da yaşayan əmisinin təşkilata hər il 200 min dollar pul ödədiyini deyib.
"Azərbaycanda himmət pullarını Hamza Kabaca adlı təşkilat mənsubu toplayırdı. Əmim bu adama himmət verirdi. "Aksesuar Group"un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyərdi", - Qənbəroğlu ifadəsində bildirib.