Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 5 iyul — Sputnik. Azərbaycanın müxtəlif regionlarından çox sayda usta bakılılara və paytaxtın qonaqlarına öz unikal əl işlərini nümayiş etdirmək üçün Bakıya gəliblər. Onlar bu işləri Birinci Respublika Sənətkarlıq Festivalında təqdim edəcəklər.
Sputnik Azərbaycan-ın məlumatına görə, tədbir Nizami küçəsində, açıq səma altında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil edilib. Layihə Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən bir sıra dövlət, özəl və qeyri-hökumət təşkilatlarının, həmçinin sahibkarların dəstəyi ilə təşkil olunub. Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Səbail rayon icra hakimiyyəti, "Azəripək" MMC, Azərbaycan Sənaye Korporasiyası, I Love Baku şəbəkəsi, ABAD, Yasamal rayon Əlillər Təşkilatı, Bakı Milli Geyimlər Evi, Türbət Mədəniyyət Mərkəzi və Libraff mağazalar şəbəkəsi layihənin tərəfdaşlarıdır.
Tədbir festival-yarmarka və karnaval formasında keçirilir. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılıb.
Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, bu festivalın keçirilməsi UNESCO-nun 43-cü sessiyasina təsadüf edir: "Bu sessiyada 180 ölkəni təmsil edən 2,5 minə qədər qonaq iştirak edir. İyulun 7-dək davam edəcək festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda əl işlərini əldə edə biləcəklər. İnanıram ki, bu, sahibkarlar üçün də gözəl bir şansdır".
Tədbirin keçirilməsində dəstək olan şirkətlərə təşəkkürünü bildirən nazir, bu festivalın başlıca məqsədinin buraya gələn insanların mədəni istirahətlərini qurmasına vasitəçilik etmək olduğunu vurğulayıb. O qeyd edib ki, bütün bu tədbirlərin keçirilməsi silsilə xarakter daşıyır. Azərbaycanda turizmin inkişafı yüksək səviyyədə təmin olunur. Ölkə başçısının siyasəti Azərbaycanı qabaqcıl ölkəyə çevirməkdir. Buna görə də, Azərbaycanın qapıları dünyanın üzünə açıqdır.
"Hesab edirəm ki, bu mədəni marşrut öz-özlüyündə vacibdir. Buna görə də bizim sahibkarlarımız bu marşrutun genişlənməsinə öz töhfəsini verəcəklər", - deyə nazir əlavə edib.
Tədbirə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Onlar üçün 40 pavilyon quraşdırılıb. Tədbirin keçiriləcəyi ərazidə məlumat mərkəzləri yaradılıb. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcək.
Ustalar burada müxtəlif materiallardan hazırladıqları və hər biri öz orijinallığı ilə fərqlənən əl işlərini təqdim edirlər. Misal üçün, Mehriban Nadirova on ildən artıqdır ki, unikal kuklalar düzəldir.
"Mən birinci qrup əliləm. Amma buna baxmayaraq, öz işimi sevirəm və onu ürəklə görməyə çalışıram. Mənim uşaqlıqdan toxuculuğa marağım olub. Ona görə də özümü buna həsr eləmək qərarına gəlmişəm. İnternet sayəsində qeyri-adi əl işləri hazırlamağı öyrənmişəm. Əsasən kuklalar düzəldirəm və müxtəlif uşaq geyimləri toxuyuram. Öz həyatımı bu sənətsiz təsəvvür etmirəm", - deyə Nadirova Sputnik Azərbaycan-a bildirib.
Onun əl işlərini almağı arzu edənlərin sayı çox olduğundan, Nadirova yorulmadan işləyir. Bir kuklanın hazırlanması onun ölçülərindən asılı olaraq, minimum bir günə, maksimum 3 aya başa gəlir. Nadirovanın sözlərinə görə, onun hazırladığı kuklalar qırılmır, dağılmır, korlanmır, sadəcə, paltaryuyan maşına atıb yumaq lazımdır və onlar təzə kimi görünəcək. Bununla belə, kukla ustasının şagirdləri yoxdur. Dediyinə görə, onun adamlara bu sənəti öyrətməyə səbri çatmır.
Azərbaycanlı rəssam və şəkil ustası, Türkiyənin Mərmərə Universitetinin sənət tarixi üzrə doktorantı Tünzalə Məmmədova da festivala öz unikal əl işləri ilə qatılıb. O, dünyada "silk art" janrını təmsil edən yeganə rəssamdır. Onun yaradıcılığı dekorativ sənətlə incəsənətin sintezindən ibarətdir.
"Öz işlərimi bu festivalda təqdim etmək mənim üçün böyük şərəfdir. Qardaşımla birlikdə ən yaxşı rəsmlərimizi festivala təqdim etmişik. Belə layihələr öz istedadını nəinki öz həmvətənlərinə, həmçinin turistlərə də nümayiş etdirmək imkanı verir", - Məmmədzadə bildirib.
Festivalın ziyarətçilərinin əksəriyyəti xaricilər idi və onlar ustaların əl işlərinə heyranlıqlarını gizlədə bilmirdilər. Bütün bunlarla yanaşı, festival çərçivəsində bu əl işlərinin hazırlanma texnologiyası ilə tanış olmaq istəyənlər üçün master-klasslar da təşkil edilib. Burada həmçinin incənətin "wall art" və "street art" növlərini nümayiş etdirmək üçün şərait yaradılıb.
Festival iyulun 7-dək hər gün saat 9:00-dan 21:00-dək davam edəcək. Tədbir çərçivəsində saat 19:30-dan 20:30-dək konsert proqramı da təşkil olunub.