Günvurmadan necə qorunmalı?

Günvurma 3 formada - yüngül, orta və ağır olur
Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Bu ay ərzində 23 günvurma hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, onlardan 15 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib. Gün vuran şəxslərdən ikisi uşaq, qalanı böyüklər olub.

Anomal hava: Avropalılar görünməmiş istilərdən qaçırlar

Mütəxəssislərə görə, günvurma daha çox günorta saatlarında, 11-17 radələrində baş verir.

Həkim-terapevt Günel Qasımovanın sözlərinə görə, günvurma halları 5 yaşdan kiçik və 65 yaşdan yuxarı insanlar arasında daha çox müşahidə edilir: "Risk qrupuna daha çox körpələr, ürəyin işemik xəstəliyi olanlar, xroniki böyrək çatışmazlığı olanlar, şəkərli diabet xəstələri, hamilələr və düzgün qidalanmayan insanlar daxildir. Günvurma başın açıq hissəsinin günün davamlı təsirinə məruz qalması nəticəsində yaranır. Orqanizmin olduğu mühitin istiliyinin yüksəlməsinə qarşı ən əhəmiyyətli müdafiə vasitələri - dəridəki damarların genişlənməsi və tərləmə ilə maye itirilməsidir. Tərləmə davam etdiyi müddətdə kifayət qədər duz və su qəbul edib, istiyə dözmək mümkündür. Rütubətin nisbəti artdığı zaman tərləmə ilə olan maye itkisi azalmağa başlayır və beləcə günvurma ehtimalı yaranır".

Günel Qasımova qeyd edib ki, günvurma orqanizmin hələ istiyə uyğunlaşa bilmədiyi isti dalğasının ilk günlərində daha çox görülür və təhlükəlidir.

Həkimin sözlərinə görə, günvurma 3 formada - yüngül, orta və ağır olur.

"Yüngül günvurma zamanı başağrısı, nəbzin tezləşməsi və bəbəklərin genişlənməsi müşahidə olunur. Orta dərəcədə - başın kəskin ağrısı, kəskin ümumi zəiflik, qusma və ürəkbulanma kimi əlamətlərlə özünü göstərir. Ağır günvurma zamanı başağrıları, kəskin ümumi zəiflik, qusma, komatoz vəziyyətlər meydana gəlir", - deyə həkim qeyd edib.

G. Qasımova vurğulayıb ki, günvurma zamanı bədənin hərarəti 41 dərəcəyə qalxır.

Günəş tutulacaq: İnsanların "kor olmaq" ehtimalı var

Bu kimi halların qarşısını almaq üçün saat 11.00-dən 17.00-dək risk qrupuna aid olunan şəxslərin evdən kənara çıxmaması məsləhət görülür: "Gün şüalarından qorunmaq üçün (əgər açıq havada işləyirsinizsə) həmin saatlarda kölgəyə çəkilin və ya açıq rəngli geyimlər geyinin".

Mütəxəssislərə görə, çox günəş şüası altında qalmaq dəridə qırışma, dəri quruluğu, ləkələnmə, erkən yaşlanma, kapillyar damarların üzə çıxması, dəri xərçənginin meydana gəlməsi riskinin artması, günəş allergiyası və s. bu kimi problemlərin yaranmasına səbəb olur. Buna görə də çalışmaq lazımdır ki, günün müəyyən saatlarında günəş altında olmayasınız.

Günvurma zamanı ilk yardım çox önəmlidir. Əvvəlcə xəstəni isti mühitdən sərin və hava axınının olduğu yerə çıxarın. Üzərindəki paltarları soyundurun və ya yaxasını açın. Soyuq kompreslərlə bədən istiliyinin düşməsinə kömək edin. Əgər şüuru yerindədirsə, bol miqdarda maye verin. Şüuru yerində deyilsə və tənəffüs problemi varsa, xəstəni təcili olaraq xəstəxanaya aparın.