BAKI, 4 iyul — Sputnik. 21 iyul tarixində "Crystall Hall"da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər festivalına 2 həftədən bir az cox vaxt qalıb. Sputnik Azərbaycan-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 4000-ə yaxın idmançı, texniki heyət və digər qonaqların qatılacağı festival 14-18 yaşlı yeniyetmələr arasında keçirilən və Avropada xüsusi maraqla izlənən idman yarışlarındandır.
Yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub və onlarla son təlimlər başa çatmaqdadır. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.
Könüllülər həm də yaxın günlərdə "EYOF Bakı 2019" günü Gəncədə" adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Azərbaycan musiqisi sənətçiləri Nadir Qafarzadə və Elton Hüseynəliyev "Könüllülərin ulduz səfiri" elan ediliblər. Qeyd edək ki, bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da Festival könüllülərinin "Ulduz səfirləri" elan olunublar. Onlar Festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.
Azərbaycan həmişə olduğu kimi bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarının auditini keçirib, hazırda xırda təmir işlərini bitirməkdədir. Atletlər Kəndi tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaqdır.
Qeyd edək ki, festivalda bütün İdman yarışlarına biletlər pulsuzdur. Hər bir şəxs öz şəxsiyyət vəsiqəsi ilə 4 ədəd bilet əldə edə bilər. Bu hətta məktəbli şagirdlərə də şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə coxlu sayda bilet ala bilərlər.