Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. Artıq ötən ayın sonlarından etibarən İran prezidenti Həsən Ruhaninin göstərişi ilə xarici turistlər pasportlarına möhür vurulmadan İrana səfər edə bilirlər. Bu yenilik bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük marağa səbəb olub.
Bu qərara münasibət bildirən İran prezidentinin sözçüsü Əli Rəbii demişdi ki, ABŞ İrana qarşı iqtisadi terror həyata keçirir və bu, İrana səfər etmək istəyən şəxslərdə qorxu yaradır: "Onlar sanksiya ilə üzləşməkdən qorxurlar. Bu gün prezident Həsən Ruhani göstəriş verib ki, turistlərin pasportlarına möhür vurulmasın və onların İrana səfər etdikləri qeyd olunmasın".
Məsələni dəqiqləşdirmək və bu yeniliyin Azərbaycan vətəndaşlarına da tətbiq olunub-olunmamasını öyrənmək üçün İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə də əlaqə saxladıq.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musavi bu məlumatı Sputnik Azərbaycan-a təsdiqlədi:
"Xarici turistlərin pasportlarına möhür vurulmadan İrana getməsi barədə qərar bütün xarici ölkə vətəndaşlarına aiddir. Müvafiq olaraq bu qərar Azərbaycan vətəndaşlarına da şamil olunur. Azərbaycan vətəndaşları istər hava yolu, istərsə də quru yolla İrana səfər etdikdə onların pasportuna möhür vurulmayacaq".
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfər olub. Məlumata əsasən, ölkə vətəndaşlarının 39,2 faizi məhz İrana səfər edib. Bu isə ilin ilk üç ayında İrana səfər edən azərbaycanlıların sayı 641 min nəfərdən çox olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 79,7 faiz artıb.
Həsən Ruhaninin müvafiq göstərişini şərh edən İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar qeyd edib ki, turizm sahəsi İranda ciddi gəlir mənbəyidir: "İranın Mərkəzi Bankının məlumatına görə, ötən il turizm sektoru ölkəyə 11 milyard 800 milyon dollar gəlir gətirib.