Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. "NASA-nın işçi peykləri Günəşi iki istiqamətdə müşahidə edir. Bu müşahidələrin əsasında isə proqnozlar verilir. Bu səbəbdən də kosmik hava durumu hər gün tərəfimizdən izlənilir".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Namiq Cəlilov deyib.
O bildirib ki, son proqnozlara görə, Günəşdə sakit dövr davam edir: "Günəşdə aktivlik plazma şəkilli tullantılara, yaxud da böyük alışmalara görə yaranır. Adətən 11 ildən bir Günəşin səthində böyük maqnit ləkələr əmələ gəlir. Bundan başqa 11 ildən bir Günəşdə aktivlik minimum olur. Hazırda biz dərin minimum aktivlik dövründə yaşayırıq".
"Günəşin özü minimum aktivlik dövründən çıxacağı halda isə maqnit ləkələr meydana gələcək, alışmalar baş verəcək. Lakin hələ ki, bu baş vermir. Sadəcə olaraq hərdən Günəş küləyi vasitəsi ilə zəif maqnit tullantıları yaranır ki, onların da gücünü zəif qiymətləndirmək olar" - deyə N.Cəlilov əlavə edib.
O bildirib ki, Günəşdə hiss olunan zəif hadisələr Yerdə təsirini bildirmir.