Əmrə yenidən "Fənərbağça"da

38 yaşlı yarımmüdafiəçi 2008-2012 və 2013-2015-ci illərdə də "Fənərbağça"da oynayıb
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. "Başakşehir"dən ayrılan Əmrə Belözoğlunun "Fənərbağça"ya keçidi rəsmiləşib.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Türkiyə millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb.

38 yaşlı yarımmüdafiəçi 2008-2012 və 2013-2015-ci illərdə də "Fənərbağça"da oynayıb. "Fənərbağça" futbol klubu transferlə bağlı artıq rəsmi açıqlama yayıb: "Klubumuz Əmrə Belözoğlu ilə bir illik müqavilə bağladı. Milli futbolçumuzla Şükrü Saracoğlu idman kompleksində baş tutan imza mərasimində klubu idman direktoru Damien Comolli təmsil edib. İdman ictimaiyyəti adından Əmrə Belözoğluna uğurlar diləyirik, yuvana xoş gəldin".

Qeyd edək ki, Əmrə Belözoğlu 7 sentyabr 1980-ci ildə İstanbulda doğulub. 2004-cü ildə FİFA-nın ən yaxşı 100 futbolçusu siyahısına düşməyi bacarıb.