BAKI, 1 iyul — Sputnik. Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında demarkasiya xətti yanında baş tutmuş görüş "tarixi" və "təəccüblü" olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Koreya Mərkəzi Teleqraf Agentliyi səsləndirib.
Agentlik 1953-cü ildə Koreya sülh sazişinin imzalanmasından 66 il sonra KXDR və ABŞ liderləri arasında "tarixi əl sıxmanın" baş tutduğunu deyib.
Qeyd olunur ki, liderlər Koreya yarımadasında gərginliyin zəifləməsini, iki ölkə arasında "utancverici" münasibətlərə son qoyulmasını və bu məsələdə ciddi dönüşün yaradılmasını, eləcə də narahatlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Mərkəzi Teleqraf Agentliyi bildirib ki, Amerika prezidenti və Şimali Koreya lideri gələcəkdə sıx əlaqələrin saxlanılması, eləcə də Koreya yarımadasının nüvəsizləşdirilməsi və ikitərəfli münasibətlərdə yeni nailiyyətlərin əldə edilməsi üçün məhsuldar dialoqun bərpasına və irəlilədilməsinə dair razılığa gəliblər.
Bazar günü Tramp və Kim Koreya yarımadasını iki yerə ayıran demarkasiya xətti yanında görüşüblər və xətt üzərindən bir-birinin əlini sıxıblar. Sonra danışıqlar başlayıb.