İQTİSADİYYAT

Yeni qərar bank sektoruna ciddi təsir edəcək

İyulun 1-dən milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxari həddi 10%, xarici valyutada 2,5% müəyyən edilib
Sputnik

BAKI, 29 iyun — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.

Bu barədə Sputnik Azərbaycan-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

1 iyul 2019-cu il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.