Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 29 iyun — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti iyulun 1-dən etibarən yay rejiminə keçir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, mövsümü qrafikə uyğun olaraq, qatarlararası intervallar artırılacaq:
"Sərnişinlərin əsas axın saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasınadək və əks istiqamətlərdə hərəkət edən qatarlar arasındakı interval qış dövründə olduğu kimi 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək. Xətlərin “28 May” stansiyasında bir-biri ilə kəsişdiyini nəzərə alaraq, bu stansiyadan “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə artıq - pik vaxtlarda 5, digər vaxtlarda isə 6 dəqiqə və daha çox olacaq. Günün pik olmayan səhər və axşam saatlarında isə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək".
B.Məmmədov bildirib ki, metropolitendə sərnişinlərin çoxluq təşkil etdiyi vaxtlar 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədərdir.