BAKI, 29 iyun — Sputnik. Hazırda dünya ÜDM-nin artımı üçün əsas təhlükə ticarət məsələləri, o cümlədən ABŞ və Çin arasında ticarət rüsumları ilə bağlıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib.
Laqard qeyd edib ki, hazırda dünya iqtisadiyyatı "kələ-kötür" yolla gedir: "İnvestisiyalar zəifləyib, ticarət əhəmiyyətli dərəcədə yavaşlayıb, böyük maliyyə böhranı baş verdiyi andan bəri idxal və ixracın artım templəri ən aşağı səviyyədədir. BVF gələcəkdə artımın müəyyən qədər güclənəcəyini gözləsə də, proqnozlaşdırılan risklər yüksək olaraq qalır."
"Bu risklərdən ən əsası ticarətdir. ABŞ-la Çin arasında ticarət danışıqlarının bərpası alqışa layiqdir, lakin artıq tətbiq olunmuş ticarət rüsumları dünya iqtisadiyyatının qarşısını kəsir və həllini tapmamış məsələlər gələcəyə dair böyük bir qeyri-müəyyənliyin yaranmasına səbəb olur", - deyə Laqard bildirib.
Onun sözlərinə görə, "Böyük İyirmiliyin" liderləri birlikdə "təcili həllini tələb edən bir sıra problemlərlə" mübarizə aparmalıdır.